Parlamentin iclası: Gömrük Komitəsinə çağırış, iki deputatın “mübahisəsi” – REPORTAJ+FOTO

  • By admin
  • 26 May 2021 15:27

Azərbaycanda ali qanunverici orqanın yaz sessiyası yekunlaşmaq ərəfəsindədir, bununla belə plenar iclasların gündəliyi gərgin müzakirələr tələb edir.

Növbəti plenar iclaslarda ötən ilin büdcə xərcləri və Hesablama Palatasının həmin sənədə verdiyi rəy müzakirəyə çıxarılacaq. İmkan olsa, həmin iclaslardan da reportajlar verəcəyik, hələlik isə hadisələri qabaqlamayaraq parlamentin mayın 25-də keçirilən iclasına köklənək.

Jurnalistlərin “deyişməsi”

İclasa hardasa 45 dəqiqə qalmış parlamentin girişində toplanan jurnalistlərlə söhbət edirik, gah gündəm mövzusunda danışırıq, gah da zarafatı olanlar bir-birinə söz atırlar.

Yaxşı haldır, iclasqabağı jurnalist işinin qrafikindən doğan gərginliyi aradan qaldırmaq üçün belə “atışmalar” biz qələm adamlarının üzündə təbəssümün yaranmasına səbəb olur.

Artıq deputatlar da iclasa gəlirlər, kimisinin avtomobilini sürücüsü idarə edir, kimisi də özü idarə edir. Avtomobilini özü idarə edənlər arasında xanım deputatlar da var.

Bəzi deputatlar jurnalistlərə yalnız başını yellədərək salam verir, bəziləri isə özləri yaxınlaşıb, hal-əhval tuturlar. Adlar çəkməyəcəm, çünki cəmiyyətdə bunun, reklam və antireklam kimi dəyərləndirilmək potensialı yüksəkdir.

Gömrük Komitəsi, sətiraltı da olsa, tənqid edildi

Parlamentə daxil oluruq, iclası işıqlandırmaq üçün bizim üçün ayrılan zala qalxırıq.

İclas başlayır, spiker Sahibə Qafarova iclası açır və gündəlikdə duran sənədlərin müzakirəsindən öncə cari məsələlərlə bağlı mövqelər səslənir.

Ümumiyyətlə, açıq deyək ki, Sahibə Qafarova iclasları yaxşı aparır, kiminsə sözünü kəsmir və iradları olsa belə, bunu parlamentin Daxili Nizamnaməsi və digər prosedurlar çərçivəsində səsləndirir.

Halbuki parlamentin əvvəlki çağırışlarında biz, tez-tez söz kəsmələrin şahidi olmuşduq… Nəysə, bunlar reallıqlar üzərindən aparılan qısa müqayisədir və uzun-uzadı bu barədə yazmayacağıq.

Milli Məclisin YAP-çı deputatı Elman Nəsirov çıxışa başlayır, Cəlilabadda fermerlərin məhsulunun (kartof) əlində qaldığını deyir. Bildirir ki, sahibkarlar bol məhsul götürsə də, onu Rusiyaya ixrac edə bilmirlər, səbəb isə Samux gömrük postunda TIR-ların uzun növbə gözləməsidir.

Elman müəllim, bu məsələdə birinci belə problem deyil, siz Gömrük Komitəsini təcili tədbirlər görməyə səsləyirsiniz. Yəqin ki, elə bununla da qurumu tənqid edirsiniz, lakin açıq mətnlə yox, operativ tədbirlərin görülməsini zəruri edən çağırışlarla.

Razi Nurullayev isə daha çox sanatoriyaların bahalığından şikayətlənir, bu isə sonradan nadir hallarda danışan Səttar Möhbalıyevin reaksiyasına səbəb olur. Axı Səttar müəllim deputat olmaqla yanaşı, həm də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədridir…

Siyavuş Novruzov isə Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşdirilməsinin olduqca vacib olduğunu bildirir, “bu məsələdə bir addım da geri çəkilmək olmaz” deyir.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin hər iclasında çıxış etməyi vacib sayır, elə bir iclas yoxdur ki, Zahid müəllim kənarda qalsın.

Zahid müəllim mətbuatın durumundan şikayətlənir, aldadıcı başlıqların hansı problemlərə gətirib çıxardığını deyir, ardınca təklif edir ki, medianın müstəqilliyi artırılmalıdır. Hörmətli Zahid müəllim, mətbuatın müstəqil olmasını ən çox biz jurnalistlər istəyirik. Özü də elə istəyirik ki! Lakin görünür jurnalistlərdən xoşu gəlməyənlər mətbuatı müstəqil deyil, əl quzusu statusunda nəzərdən keçirir və siz də yəqin ki, təklifinizin alt qatında reket mətbuatı himayə edənlərə mesajlar verirsiniz. Nədənsə, mən mesajınızdan bunu anladım, bəlkə də səhv düşünürəm…

Gündəm mövzuların müzakirəsində son sözü Səttar müəllim alır və deyir ki, əslində çıxış etmək niyyətində deyildi, sadəcə Razi müəllimin dedikləri onu cavab verməyə vadar edir.

Səttar müəllim, elə düz buyurursunuz, sizi daha çox öz sahənizlə bağlı ittiham səslənəndə cavab verən görürük, başqa məsələlərdə çıxış etdiyinizin şahidi olmamışıq.

Səttar müəllim deyir ki, Azərbaycanda yüksək standartlara cavab verən sanatoriyalar var, hətta onları xarici ölkələrdə olanlarla müqayisə edir.

Təki elə olsun, Səttar müəllim, bu mövzuda bir fikir bildirmək niyyətində deyiləm çünki, sanatoriyaların vəziyyətinə dair araşdırma aparmamışam. Ona görə də kim düz deyir, kim səhv deyir, onu dəyərləndirmək niyyətlərindən uzağam. Bildiyim bircə odur ki, sanatoriyalarla bağlı şikayətlər az deyil…

Birinci vitse-spikerin irada təmkinli iradı

Cari məsələlərdən sonra “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılır. Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva layihəni təqdim edir. Qənirə xanım bilmirəm bu qədər işi necə çatdırır, həm qəbul, həm layihələrin nəzərdən keçirilməsi, həm müsahibələr – ona ünvanlanan bir şikayətin belə geri çevrilməməsi böyük enerji tələb edir.

Qənirə xanımla şəxsi tanışlığım belə yoxdur, amma bu xanımın işini dəyərləndirdiyimi də etiraf etməliyəm, indi çıxış edərkən qəfildən ağlıma bu fikirlər gəlir deyə, bura- yazıya köçürürəm. Qənirə xanım, deputatlığı yalnız üstün status kimi nəzərdən keçirən bəzi həmkarlarınız da təki sizin kimi olaydı…

Daha sonra Erkin Qədirli irad səsləndirir, amma bu iradı onu göstərir ki, qanun layihəsinin ilk cümləsini diqqətlə oxumayıb.

Qanun layihəsi Prezidentin 2021-ci il 7 may tarixli 2632 nömrəli sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Erkin müəllimin iradının mahiyyəti budur ki, əslində qanun sərəncam əsasında hazırlana bilməz – bəli, qanunvericiliyin də tələbi budur.

Amma sənəddə qanun layihəsinin sərəncam əsasında hazırlanması qeyd olunmayıb axı, Erkin müəllim!

Elə Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Erkin Qədirlini sənədə diqqətlə baxmağı tövsiyə edir.

Əli Hüseynli qısa, konkret, aydın danışmağı sevir, özü də hüquqşünas soyuqqanlılığını həmişə müşahidə etmək mümkündür.

Aramla, anlaşılan tərzdə məğzi çatdırır ki, layihə sərəncam əsasında hazırlanmayıb.

Şuşa ilə bağlı sənəd birinci oxunuşdan keçdikdən sonra isə digər qanun layihələri müzakirəyə çıxarılır, Azərbaycanın Bosniya və Herseqovinada səfirliyinin təsis edilməsi təsdiqlənir.

Digər qanun layihələri barədə çıxışları bir yazıya sığdırmaq oxucu üçün də maraqsız və yorucu ola bilər.

Ona görə də, budəfəki reportajımızın sərhədlərini “Şuşa”da yekunlaşdırmağa qərar verirəm. Simvolik səslənir deyilmi?…

Gununsesi.info