1 sentyabr – növbədənkənar parlament seçkiləri ilə bağlı artıq təşviqat kampaniyasına start verilib.
Qeyd edək ki, seçki qanununun tələbinə görə, seçkilərə 23 gün qalmış təşviqata start verilir.
Ölkənin əksər siyasi təşkilatları da hakim partiyanın iddia etdiyi 125 deputat yeri uğrunda yarışa qatılıb.
Xatırladaq ki, seçkilərdə iştirak edən müxalifətdə olan Müsavat Partiyasının 22, REAL Partiyasının isə 11 namizədi qeydə alınıb. Digər partiyalar isə 3-5 namizədlə seçkiyə gedir.
Bəs görəsən, həmin partiyalar hansı şüarlarla seçkiyə gedir?
Gununsesi.info – nun xəbərinə görə, hakim Yeni Azərbaycan Partiyası “Yeni dövrə yeni Azərbaycanla” şüarını seçib.
Bekə ki, partiyanın bütün deputatlığa rəsmi namizədləri özünün platformasında bu devizi əsas götürüb.
Hakim partiya Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını ölkəmizdə yeni dövrün başlanğıcı hesab edir.
Qüdrət Həsənquliyevin lideri olduğu Ədalət, Hüquq, Demokratiya Partiyası (ƏHD), “Ədalət, hüquq, demokratiya” şüarı ilə seçki təşviqatına start verib.
Onun rəhbərlik etdiyi partiyanın bu şüarlara istinad etməsi isə onların Azərbaycanda real demokratik islahatlara ehtiyac olması istəklərinə söykənib.
Partiyanın sədri Qüdrət Həsənquliyev qeyd edib ki, Azərbaycanda geniş Konstitusiya islahatlarına ehtiyac var: “Azərbaycanın qüdrətli gələcəyi ölkədə ciddi islahatlardan keçir. Mən parlamentdəki çıxışlarımda da, bu barədə danışmışam. Azərbaycanın ciddi islahatlara ehtiyacı var. Ölkəmiz özünün ərazi bütövlüyünü təmin edəndən sonra yeni mərhələyə qədəm qoyub. Bizim islahatlarla bağlı ciddi platformamız var. Növbəti parlamentdə də, bu islahatların həyata keçirilməsinə çalışacağıq”.
Böyük Quruluş Partiyası (BQP) başqanı deputat, Fazil Mustafa bildirib ki, partiya seçkidə bir namizədlə iştirak edir, ona görə də, bu partiyanın iştirakı kimi qəbul oluna bilməz: “Partiya sadəcə, bütün məntəqələrdə müşahidəçi və başqa formalarda iştirak edir. Amma əsasən namizəd birdir. Biz konkret spesifik bir dairənin namizədi kimi iştirak edirik. Həmin dairədə də, mənim seçki şüarım belədir: “Seçki dairəsində səs verin ki, Azərbaycan zirvəsindən səsiniz eşidilsin”. Bu şüar üzərində də, dairədə əsasən o, seçicinin dəstəyini qazanma məqsədi güdürük” , – deyə Fazil Mustafa bildirib.
Milli Cəbhə Partiyasının başqanı, 81 saylı İmişli seçki dairəsindən namizəd olan Razi Nurullayev öz plakatında “Xalqın adamı” şüarı ilə seçkiyə qatıldığını bildirib: “Bu da ondan ibrətdir ki, mən seçildiyim 5 il ərzində demək olar ki, hər gün xalqın içində olmuşam. Daima onların xeyir-şərində iştirak etmişəm, xəstəsinin yanında olmuşam. Bu adı mənə xalq verdi. Hər bir kəs mənə deyirdi ki, Razi bəy, sən xalqın adamısan. Ondan sonra mən özümə bu sözü şüar kim seçdim. Beləcə şüarımız “Xalqın adamı” oldu”.
Müsavat Partiyası parlament seçkilərinə demokratiya çağırışları ilə gedir.
Partiyanın Ali Məclisinin sədri Arif Hacılı saytımıza deyib ki, Müsavat seçkiyə “Azadlıq”, “Ədalət” və “Hüquqi Dövlət” şüarı ilə gedir: “Biz bununla xalqı hüquqi dövlət uğrunda apardığımız mübarizəyə cəlb etmək istəyirik”.
Arif Hacılı deyir ki, Müsavatın indiyədək ölkənin müxtəlif şəhər və rayonlarını əhatə edən 25 seçki dairəsində namizədləri qeydə alınıb:
“Bəzi digər seçki dairələrindən namizədlərimizin qeydə alınması uğrunda mübarizəmiz davam edir.
Namizədlərimiz sırasında ölkənin tanınmış siyasət və dövlət xadimləri, professor və elmlər doktorları, Qarabağ qazisi, şəhid atası, ixtiraçı alim və xalq təsərrüfatının müxtəlif sahələrində uğurlar qazanmış mütəxəssislər var.
Biz çox qısa müddətdə davam edəcək seçki kampaniyası dövründə qeydə alınan namizədlərimiz, onların seçki komandaları və bütün mövcud resurslarımız vasitəsi ilə ölkədə olan ümumi siyasi ab-havanın dəyişməsinə, cəmiyyətin diqqətinin seçki prosesinə cəlb ediməsinə çalışmaq, arzusunda olduğumuz Azərbaycan haqqında planlarımızı hər kəsin diqqətinə çatdırmaq niyyətindəyik.
Yaxın günlərdə təhsil, səhiyyə, ədalət mühakiməsi sahəsində islahatlar, korrupsiya və rüşvətxorluğun aradan qaldırılması, pensiyaların, əmək haqlarının artırılması, uşaq pullarının verilməsi, quru sərhədlərin açılması, monapoliyalara son qoyulması, gənclərimizin kütləvi şəkildə ölkəni tərk etməsinə səbəb olan problemlərin həll olunması, bütün sahələrdə bərabər imkanlar şəraitinin yaradılması və başqa bu kimi mühüm məsələləri əhatə edən seçki plarformamız ictimaiyyətə təqdim ediləcək”.
Günel Həsənova
Gununsesi.info