Paşazadələrin həbsdəki keçmiş şəriki onlarla bağlı şikayəti geri götürdü

Paşazadələrin həbsdəki keçmiş şəriki onlarla bağlı şikayəti geri götürdü

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və qardaşı, deputat Cavanşir Paşazadənin ailə üzvlərinin “Medi Sina” klinikasında şəriki olmuş Müğdət Həşimov 9 il azadlıqdan məhrum edilməsinə dair hökmdən Ali Məhkəməyə şikayət vermişdi.

Gununsesi.info xəbər verir ki. Paşazadələrin keçmiş şəriki kassasiya şikayətini geri götürüb. Bu iş Ali Məhkəmədə Tahir Kazımovun sədrlik etdiyi hakimlər kollegiyasının icraatında idi. Hakimlər təqsirləndirilən şəxsin Ali Məhkəməyə ünvanlandığı ərizəni əsas götürərək, onu təmin edib – bu iş məhkəmə baxışından çıxarılıb.

Müğdət Həşimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. O, CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 179-cu (mənimsəmə) maddələrilə təqsirli bilinib. M.Həşimova qarşı vergidən yayınma ittihamına isə xitam verilib. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə  saxlayıb. Hərçənd, hər iki tərəf hökmdən narazı idi. Həşimov bəraət, Paşazadələr isə onun cəzasının ağırlaşdırılmasını istəyirdi.

M.Həşimov 2015-ci ilin avqustunda “Medi Sina”dan 193 min manatlıq avadanlığın çatışmazlığına görə suçlanaraq həbs edilib.

M.Həşimov isə məhkəmədə cinayət işinin başdan-ayağa şər-böhtan olduğunu bildirib: “Mənə demişdilər ki, klinikanı boşaltmasam, həbs elətdirəcəklər. Necə olur, iki həftə ərzində oradan avadanlıqları maşınlara yükləyib aparırıq, Hacı Mazan bunları görmür?”

Bu cinayət işində zərərçəkən qismində Paşazadələrin yaxın adamı, “Hacı Mazan” kimi tanınan Ramazan Zeynalovdur.

“Hacı Mazan”ın nümayəndəsi Siracəddin Kərimov apellyasiya məhkəməsində deyib ki, onlar hökmdən əsasən cəzanın yüngüllüyünə görə narazıdılar: “Müğdət Həşimova ittiham olunduğu iki maddə ilə 20 il də cəza verilə bilərdi…”

Gülər

Gununsesi.info

COMMENTS