“Birmənalı şəkildə görünür ki, Ermənistan hazırda seçim etmək istəmir”.
Bunu Gununsesi.info-ya açıqlamasında deputat Tural Gəncəliyev deyib:

“Paşinyan xüsusilə indiki zəif dönəmdə, seçkiqabağı mərhələdə Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqı arasında referendum keçirərək seçim etməyin Ermənistan və özü üçün uyğun olmadığını düşünür. Ancaq Rusiya bunu tələb edir və bir növ təzyiq vasitəsi kimi istifadə edir.
Maraqlıdır ki, mayın 29-da Astanada keçirilən görüşdə Ermənistanın referendum keçirməsi məsələsində Rusiya tək deyildi. Onun digər müttəfiqləri olan Qazaxıstan və Belarus da bu tələbi səsləndirirdilər. Təbii ki, Paşinyan buna getməyəcək. Lakin Putinlə son telefon danışığında da böyük ehtimalla Paşinyanın qarşısında şərt qoyulub ki, Avropa ilə yaxınlaşmanın müəyyən bədəli olacaq. Avropa İttifaqı ilə yaxınlaşma Avrasiya İqtisadi Birliyində üzvlüklə eyni vaxtda davam edə bilməz.
Çünki Ermənistan hazırda Avrasiya İqtisadi Birliyində iştirakına görə gömrük rüsumlarından azaddır. Həmin coğrafiyada mal ixracı və idxalı zamanı güzəştli tariflərdən istifadə edir. Böyük ehtimalla Putin xəbərdarlıq edib ki, Avropa İttifaqı ilə yaxınlaşma bu güzəştlərin aradan qalxmasına səbəb olacaq.
Hətta Rusiya artıq Ermənistan məhsullarına müəyyən məhdudiyyətlər tətbiq etməyə başlayıb. Buna görə də böyük ehtimalla Putin Paşinyanın qarşısında qəti şərtlər qoyub. Bununla belə, Rusiyanın hazırda Ermənistanı açıq şəkildə nüfuzdan salmaq və ya ciddi təzyiq göstərmək imkanları əvvəlki qədər güclü deyil”.
Şəbnəm












