Paşinyan Əliyevlə görüşdən niyə yayınıb?

  • By admin
  • 09 Oktyabr 2024 08:38

Moskvada Rusiya lideri Vladimir Putinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan prezidentlərinin sülh danışıqları üçün bir araya gələcəyi gözlənilsə də bu baş tutmayıb.

Gununsesi.info xəbər verir ki, Rusiya prezidentinin siyasi məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistlərlə söhbətində Moskvanın Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirmək istədiyinə işarə edib:

“Yox, üçtərəfli görüşə hazırlıq olmayıb. Belə bir ideya olub, amma bir nəfər bu ideyanı dəstəkləməyib”.

Azərbaycan mediası bundan əvvəl yazmışdı ki, MDB sammiti çərçivəsində Rusiyanın vasitəçiliyi ilə danışıqların keçirilməsindən Yerevan imtina edib.

Putin Ermənistan və Azərbaycana sülh müqaviləsi danışıqlarında Rusiyanın köməyini avqust ayında Bakıya səfəri zamanı təklif etmişdi.

Xarici media  yazır ki, Paşinyan bu təklifdən imtina etmiş və Bakı ilə birbaşa danışıqlara üstünlük verdiyini demişdi.

O habelə Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılmasını Yerevanın əngəlləməsinə dair Rusiya xarici işlər naziri Sergey Lavrovun tənqidini “tamamilə əsassız” adlandırmışdı.

Qeyd edək ki,  Yerevan Moskvanın vasitəçilik təklifindən bu ilin əvvəllərində də imtina etmişdi.

Yerevan yenə də Bakı ilə birbaşa danışıqlara və ya Qərbin vasitəçiliyinə üstünlük verdiyinə işarə etmişdi.

Paşinyanın prezident İlham Əliyevlə son görüşü fevral ayında Almaniya kansleri Olaf Şolts tərəfindən təşkil olunmuşdu.

Moskva Ermənistan və Azərbaycan arasında danışıqlara Qərbin vasitəçilik etmək cəhdlərini kəskin tənqid etmişdi.

 

Günay Mahirqızı

Gununsesi.info