Paşinyan KTMT-ni Rusiyanın düşməninə SATDI

Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbəri Stanislav Zası İrəvanda qəbul etməkdən imtina edib.  

Gununsesi.info  xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Qəzetin məlumatına görə, baş katib İrəvanda səfərdə olarkən Nikol Paşinyan ilə görüşməli idi, amma Ermənistan rəhbəri bu görüşdən imtina edib:

“Sentyabrın 20-də KTMT-nin baş katibi Stanislav Zasın rəhbərlik etdiyi nümayəndə heyəti İrəvana gəlib, 5 günlük səfər planlaşdırılıb. Onun Azərbaycan və Ermənistan sərhədindəki vəziyyəti öyrənmək, mövcud gərginliyi azaltmaqla bağlı təkliflər vermək üçün Baş nazirlə görüşü təyin edilib. Amma Paşinyan iki gün sonra Nyu-Yorka yollanıb və orada BMT Baş Assambleyasının sessiyası çərçivəsində KTMT-nin və Rusiyanın bir nömrəli düşməni olan NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.

Məlumata görə, Paşinyanın Nyu-York görüşündən xəbər tutandan sonra Zas planlaşdırılan vaxtdan bir neçə gün tez Ermənistanı tərk edib. Sentyabrın 22-dən sonra Zas heç bir iclasda iştirak etməyib, onun iştirakı ilə hansısa tədbirlə bağlı mesaj yayılmayıb”, –  “Hraparak” yazıb.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrə münasibəti rəsmi İrəvanı ciddi məyus edib. Ermənistan rəsmiləri KTMT-dən gözlədikləri köməyi ala bilmədiklərinə görə, bu təşkilatdan narazı qalıblar.

Ermənistan parlamentinin spikeri Alen Simonyan yerli mətbuata açıqlamasında deyib ki, erməni tərəfinin gözləntiləri özünü doğrultmayıb və onlar KTMT-nin reaksiyasından nəticə çıxarmalı olacaqlar. Simonyan açıq şəkildə bəyan edib ki, İrəvan KTMT-nin Azərbaycana verdiyi cavabdan narazıdır.

Bundan öncə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Azadlıq” radiosuna müsahibəsində bildirmişdi ki, İrəvanın KTMT-dən gözləntisi Azərbaycana qarşı hərbi-siyasi yardım əldə etmək olub, lakin bu, alınmayıb və Ermənistanın planı puça çıxıb. “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı gözləntilərimizi doğrultmayıb”, – Qriqoryan söyləyib.

Onu da xatırladaq ki, sentyabrın 13-nə keçən gecədən etibarən Azərbaycan-Ermənistan sərhədində gərginlik yaşanıb. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Bu təxribat nəticəsində baş vermiş döyüşlər nəticəsində Azərbaycan Ordusunun 80 hərbçisi şəhid olub, 281-i yaralanıb.
Ermənistan tərəfi isə 207 hərbçisinin öldüyü və itkin düşdüyünü, 293 nəfərin yaralandığını bəyan edib.

Gununsesi.info