“Paşinyan referendumla həm tərəfdarlarını saxlayır, həm də əlehdarlarının arqumentini məhdudlaşdırır” -Sədrəddin Soltan

 Ermənistanın ədliyyə naziri Srbuhi Qalýan bildirib ki, Ermənistanın yeni Konstitusiyası 2026-cı ilin martında hazır olacaq.

O, bildirib ki, ölkənin yeni Konstitusiyasının mətninin 2026-cı ilin mart ayına qədər hazırlanması planlaşdırılır.

Bu barədə o, Konstitusiya islahatları üzrə Şuranın iclasında çıxış edib.

Gununsesi.info-ya danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan mövzunu belə şərh edib:

“Ermənistan inqilabdan sonra ciddi islahatlarla üz-üzədir. Ölkə həm Qərb yönlü siyasət yürütməyə çalışır, həm də Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, kilsə ilə problemlərini həll etmək və Rusiya ilə müəyyən məsafələr müəyyənləşdirmək istəyir.

Bütün bunların əsasında Ermənistanın əsas qanunu, yəni Konstitusiyası dayanır. Mövcud Konstitusiyada isə ermənilik anlayışı siyasi, mənəvi və maddi dəyərlər sistemi olaraq əksini tapıb. Bu sistem, Ermənistan hakimiyyətinin regiondakı qonşularla—xüsusilə Azərbaycan və Türkiyə ilə—münasibətlərinin gərginləşməsinə, gələcək normallaşma və əməkdaşlıq prosesinə maneələr yaradır”.

Siyasi şərhçinin fikrincə, Nikol Paşinyan və komandası bu siyasi kampaniyanı referendum vasitəsilə keçirməklə həm tərəfdarlarını saxlamağa, həm də əlehdarlarının ona qarşı arqument əldə etməsini məhdudlaşdırmağa çalışır.

“Ona görə də 2026-cı ildə Ermənistanda Konstitusiya dəyişikliyi və islahatı labüddür və bundan sonra ölkənin çıxışı ehtimal olunur”,-deyə o əlavə edib.

Şəbnəm 

Gununsesi.info