Paşinyan: Rusiya ermənilərin Qarabağdan getməsini sakitcə seyr edir - SÜLH SAZİŞİ İMZALAMAĞA HAZIRAM!

  • By admin
  • 30 Dekabr 2022 11:23

Ermənistanın baş naziri Nikol Paşinyan hökumət müşavirəsində Laçın dəhlizindəki vəziyyətlə bağlı Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətini tənqid edib.

Gununsesi.info-nun xəbərinə görə, baş nazir yaranmış vəziyyətə görə Rusiyanı günahlandırıb:

“Əgər Rusiya obyektiv və ya subyektiv səbəblərdən Dağlıq Qarabağda stabillik və təhlükəsizliyi təmin edə bilmirsə, o BMT Təhlükəsizlik Şurasında Rusiya sülhməramlılarına BMT TŞ mandatının verilməsi, ya da Dağlıq Qarabağa əlavə beynəlmiləl sülhməramlı qüvvələrin göndərilməsinə dair təşəbbüs qaldırmalıdır”.

Paşinyan deyib ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin qəti tərəfdarıdır.

Amma o əlavə edib ki, “Rusiyanın Dağlıq Qarabağın erməni əhalisinin oradan getməsini sakitcə seyr etmək kimi getdikcə daha çox nəzərə çarpan praktikasını” qəbuledilməz sayır:

“Azərbaycanın, o cümlədən Dağlıq Qarabağda növbəti hərbi təxribat hazırlamasının əlamətləri görünür. Hadisələrin bu şəkildə inkişafı Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə dair təxirəsalınmaz suallar doğurur”.

Paşinyan Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamağa, sərhədlərin delimitasiyasına və regional kommunikasiyaların açılmasına hazır və qətiyyətli olduğunu bir daha bəyan edib.

 

Tərcümə:

Günay Təhməzova