Paşinyan: ‘Rusiya ilə münasibətlərimizdə səhv etməmişik’

“Biz Rusiya Federasiyası ilə münasibətlərimizdə səhv heç nə etməmişik”.

Gununsesi.info bildirir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi hakim “Vətəndaş Müqavilə” Partiyasının üzvləri ilə görüşündə bildirib.

“Tərəfdaşlarımız hansısa yerə işarə edib “burada filan öhdəliyin var idi və o öhdəliyi yerinə yetirmədin” deyə bilməz. Biz isə işarə edə bilərik, edirik, qanuni suallar qaldırırıq və bu qanuni suallara əsaslı cavablar gözləyirik. Həmin cavab verilmədiyinə görə, hər nə deyilirsə deyilsin, bu, məsələni həll etməyəcək”, – baş nazir vurğulayıb.

Rəsmi Moskva iddia edir ki, Ermənistan rəhbərliyi onlar ilə münasibətləri pozmaq yolunu tutub və Qərb Yerevan vasitəsilə Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışır.

Ermənistanın Rusiya və KTMT ilə münasibətləri xüsusilə 2022-ci ilin sentyabrında onun Azərbaycanın hücumuna məruz qaldığını açıqlamasından sonra gərginləşib.

Yerevanın tələblərinə baxmayaraq, nə KTMT, nə də Rusiya hələ də müttəfiq ölkəyə qeyd edilən hücumu pisləməyib və Azərbaycanın Ermənistandan ərazi işğal etməsini təsdiqləməyib.

Paşinyan bəyan edib ki, Yerevanın KTMT-yə üzvlüyü de-fakto dondurulub, müttəfiqlər mövqeyini dəyişməsə, onun de-yure də dondurulması mümkündür.

 

 

Gununsesi.info