Paşinyanın Arutunyana mesajı…

  • By admin
  • 04 Noyabr 2021 09:58

Paşinyan Araik Arutunyanı İrəvanda qəbul etdi: görüşdə separatçı-terrorçu rejimin əski parçasının olmaması diqqət çəkir; 44 günlük müharibədən öncə separatçı rejimin rəhbərliyi ilə görüşlərdə qondarma “bayraq” Ermənistan bayrağı ilə birgə qoyulurdu; erməni mediası “Paşinyan bununla “artsax” yoxdur mesajını verir” kimi şərh edib.

Görüşü ermənilərin daxili məsələsinin bir parçası da hesab etmək olardı, əgər rusların vasitəçiliyi ilə Əliyev-Paşinyan görüşünə dair gözləntilər olmasaydı: 9 noyabr tarixində olacağı inandırıcı olmasa belə, qarşıdakı aylarda dövrdə sərhəd və kommunikasiyanın açılmasının müzakirə olunacağı masanın qurulacağı gözləntisi çoxdur.

Bu prosesin məntiqi ardıcıllığı var: kommunikasiyanın açılması üçün sərhədin delimitasiyası həll olunmalı, sərhədin delimitasiyası üçün erməni qoşunların Azərbaycan sərhədlərindən xaricə çıxarılması yekunlaşmalıdır, bir ölkənin ordusu başqa ölkənin ərazisində olduğu müddətdə həmin ölkələr arasında sərhədin tanınması mümkün deyil.

Üçtərəfli masanın qurulacağı gözləntiləri ilə bağlı informasiyaların yayılması fonunda bir ehtimal önə çıxır: Nikol-Araik görüşü erməni qoşunlarının çıxarılması və ondan sonrakı dövrün müzakirəsinə həsr olunub.

Burada diqqətçəkən məqamlardan biri ABŞ dövlət katibinin köməkçisi Erika Olsonun İrəvana səfərində Minsk qrupunun fəaliyyətini gündəmə gətirməsi və bu səfərdən sonra Nikolun Araiki qəbul edərək, “Qarabağın statusu” və “Minsk qrupu çərçivəsində hərtərəfli həll” haqqında danışmasıdır.

Vaşinqtonun Minsk qrupu istəyi İrəvanın əlini müəyyən qədər gücləndirə bilər, lakin Paşinyan da anlayır ki, hansısa “status”dan danışmaq üçün əvvəlcə Moskvanın da istəyi olan proses başlanmalı və bunun üçün də məntiqi ardıcıllıq icra edilməlidir: qoşunların çıxarılması, sərhədin delimitasiyası, kommunikasiyanın açılması;

İstisna deyil ki, Moskva görüşünün keçirilməsi üçün tərəflərin xəritə üzərində müzakirəsi ilə yanaşı, Bakının üçtərəfli razılaşmanın 4-cü bəndinin icrası – qoşunların çıxarılması – tələbi də var.

Gununsesi.info