Paşinyanın İrəvan üçün hazırladığı təhlükə: Hərbi çevrilişə şərait yaradır

“Baş nazir Nikol Paşinyan Rusiyadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşdıqca ölkəsi üçün ciddi riskləri artırır”.

Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, Kremlin başı Ukrayna savaşına qarışsa da, Cənubi Qafqazdakı forpostunu itirməmək üçün müxtəlif variantları nəzərdən keçirir:

“Bunlardan biri Ermənistana qarşı iqtisadi təzyiq alətlərini işə salmaqdırsa, ikinci aləti hərbi çevriliş şəraiti yaratmaqdır, bu məqsədlə Rusiyanın bu ölkədəki hərbi bazanın da imkanlarından istifadə edilməsi mümkündür. Nikol Paşinyan bu təhlükələri hesablamamış deyil, bu səbəbdən ABŞ və Avropa İttifaqından təhlükəsizlik təminatı almağa çalışır. Vaşinqton, Paris və Brüsseldən Paşinyana vədlər verilməmiş deyil, ancaq Ermənistanın baş naziri bunlarla kifayətlənə bilməz. Ermənistan yol ayrıcındadır, gələn il bu ölkə ciddi çağırışlarla üz-üzə qalacaq”.

Qeyd edək ki, Ermənistanın baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sessiyasında iştirakdan imtina edib. Toplantı noyabrın 23-də Belarusun paytaxtı Minskdə keçiriləcək.

Gununsesi.info