
Son zamanlar İran-Azərbaycan arasında gərginliyin azalması müşahidə olunur.
Lakin Ermənistanın baş naziri Nikol Paşinyanın bu ölkəyə son səfəri zamanı Ali Dini liderlə və digər hökumət rəsmiləri ilə görüşü zamanı səsləndirilən bəyanatlar Azərbaycanın əleyhinə yönəlib.
Görüş zamanı İranın ali dini lideri Ayətullah Əli Xamenei deyib ki, İran-İslam Respublikası Zəngəzur marşrutunu Ermənistanın ziyanına hesab edir və bu mövqeyində qaldığını bildirib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa Gununsesi.info– nun sualını cavablandırıb. “İran dini rəhbərinin bu cür açıqlaması sevindiricidir, çünki birinci növbədə bu bizim dəfələrlə qeyd elədiyimiz maraqlara uyğun açıqlamadır. Ona görə ki, İran Ermənistanı öz müstəmləkəsi kimi görür və qoy artıq ermənilər düşünsünlər ki, onların əvəzinə bu dövlətin başçısı belə bir açıqlama verib. Yəni Ermənistanın maraqlarının nədən ibarət olduğu, əgər Tehranda müəyyən olunursa, Ermənistanın özü üçün böyük bir biabırçı açıqlamadır”.
Fazil Mustafanın fikrincə, hər hansı bir şəkildə İranın bu məsələdə Azərbaycanın milli maraqlarını nəzərə almaması, yenə də, bizi narahat etmir: “Biz də bu məsələdə İrana, yaxud da hansısa bir ölkəyə baxacaq qədər zəif dövlət deyilik və kifayət qədər iradəmizi istənilən platformada həyata keçiririk. Ona görə də bu boş mənasız Azərbaycanın maraqlarına yönəlik bir eyhamlardır və buna baxmayaraq, Azərbaycan öz hədəflərinə necə addım-addım çatırsa, bu dövlətlərin yanlış siyasət yürüdən rəhbərlərinə rəğmən də, bunu həyata keçirəcəkdir. Əvvəl – axır bu məsələ Azərbaycan və Ermənistan arasında həll olunacaq, amma İranın Ermənistanı öz müstəmləkəsi sayması iki qardaş erməni dövlətinin bu cür yaxınlığı uzun müddət davam edə bilməz. Biz dünyada 3 erməni dövləti kimi özünü aparan bir dövlət anlayışıyla üz-üzəyik. Biri Ermənistandır, biri Fransadır, 3- cü İrandır. İran da tipik bir erməni dövləti kimi davranır. Bölgədə özünü o cür təqdim edir”.
Günel Həsənova
Gununsesi.info