Qarabağın Azərbaycan ərazisi kimi tanınmasını kriminallaşdıran layihənin Ermənistan parlamentində gündəmə çıxarılmasına imkan verilməyib.
Gununsesi.info erməni mətbuatına istinadən xəbər verir ki, parlamentdə səsvermə zamanı hakim “Mülki Müqavilə” partiyası buna qarşı çıxıb. Layihənin lehinə 27, əleyhinə isə 57 nəfər səs verib.
“Ayakve” təşkilatı tərəfindən irəli sürülən qanun layihəsi dekabrın 4-də Ermənistan parlamentinin Hüquq komitəsində gərgin müzakirələrə səbəb olub. Müzakirələr 7 saat davam edib.
Qanun layihəsi 58 min imza ilə parlamentə təqdim edilmişdi. Buna əsasən, Qarabağın Ermənistan adından başqa dövlətin ərazisi kimi tanınması, eləcə də erməni soyqırımının tanınmasından imtina kriminallaşdırılmalı idi.
Ermənistanla Azərbaycan arasında 44 günlük müharibədən sonra sülh müqaviləsi üçün danışıqlar aparılır. Tərəflər arasında sülh sazişi ilə bağlı nəticə əldə olunmasa da, onlar bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını elan ediblər.
Gununsesi.info