Paşinyanla “döyüşən” sabiq məmur Qarabağa gəldi

  • By admin
  • 28 Sentyabr 2019 19:41

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyan işğal olunmuş Azərbaycan ərazilərinə gəlib.

Gununsesi.org bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, onu Qarabağdakı erməni kilsəsinin arxiyepiskopu Parqev Martierosyan Azərbaycan torpaqlarına dəvət edib. Bu barədə keşiş özü məlumat verib.

“Mən Vanetsyanı dəvət etmişəm, çünki onu çoxdan tanıyıram, oğlumun dostudur”-Martirosyan deyib.

Vanetsyanın Qarabağ separatçıları ilə görüşlər keçirib-keçirməyəcəyinə gəldikdə, P.Martirosyan bu barədə məlumatsız olduğunu deyib.

Xatırladaq ki, son günlər Vanetsyanla Nikol Paşinyan arasında gərginlik hökm sürür. Baş nazirin onun barəsində səsləndirdiyi ittihamlara cavabında sabiq məmur daha kəskin fikirlər səsləndirmişdi.

“İstefama baxmayaraq, o, hələ də mənim yanıma adamlar göndərib, bir müddət səssiz qalmağımı istəyir. Lakin mən görürəm ki, o növbəti dəfə razılaşmanı pozub başa düşülməyən və mahiyyətcə populist bəyənatlarla çıxış edir. Xatırlatmaq istəyirəm ki, sülh şəraitində ölkənin Baş naziri Silahlı Qüvvələrin Ali baş Komandanı sayılmır. Çox təəssüf ki, Paşinyan bu qədər irəli gedib. Zaman göstərəcək kim və yaxud nə zibil qutusunda olacaq”, – deyə A. Vanetsyan demişdi.

Qeyd edək ki, N. Paşinyan Los Ancelesdə keçirdiyi mətbuat konfransında A. Vanetsyanı öz Ali Baş Komandanına qarşı çıxmaqda ittiham edib. Bildirib ki, bu zabit şərəfinə ləkədir. N. Paşinyanın sözlərinə görə, Vanetsyan bununla da zabit poqonlarını zibil qutusuna atıb.

Belə görünür ki, Vanetsyan Qarabağ klanının arxasında gizlənmək istəyir.

 

 

Gununsesi.org