“Azərbaycan və Ermənistan arasında nizamlanma yalnız regiondankənar qüvvələr münaqişəyə müdaxiləni dayandırdıqda mümkündür”.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada MDB həmkarları ilə görüşündə bildirib.
“Biz həmçinin Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşdirilməsində, onun inkişafı üçün şəraitin yaradılmasında, qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsində maraqlıyıq”, – deyə o, əmin edib.
Patruşev davam edərək bildirib ki, “bu məqsədlə Rusiya bu ölkələr arasında sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması maraqları naminə Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşdırılması istiqamətində ardıcıl addımlar atır”. “Praktika göstərir ki, bu, yalnız regiondankənar qüvvələrin müdaxiləsi olmadığı təqdirdə mümkündür. Qərb ölkələrinin hərəkətləri regionda vəziyyətin deqradasiyasına səbəb olur və orada ziddiyyətlərin qalmasına şərait yaradır”, – o vurğulayıb.
Gununsesi.info