İtaliyanın Pesaro şəhərində Luciano Pavarottinin bürünc heykəli ətrafında buz meydançası quraşdırılması tənqid atəşinə səbəb olub.
Tenorun dul arvadı Nikoletta Mantovani meydançanın heykələ yaxınlığının Pavarottinin xatirəsinə xələl gətirdiyini bildirib.
Şəhər meri Andrea Biancani isə Facebook-da Pavarottini xokkey çubuğu ilə “konki sürərkən” göstərən fotokollaj paylaşaraq ziyarətçiləri heykəli “təbrik etməyə” çağırıb. Paylaşım sosial mediada tənqid olunub, istifadəçilər həm təhlükəni, həm də zövqsüzlüyü vurğulayıblar.
Şəhər rəsmiləri üzr istəsələr də, meydança və ya heykəlin başqa yerə köçürülməsi mümkün deyil. Hazırda abidənin ətrafında qoruyucu divar çəkilib, lakin fiqurlu konkisürənlər hələ də heykələ yaxınlaşa bilirlər.
Qeyd edək ki, Pavarotti 20-ci əsrin ən böyük tenorlarından biri hesab olunur və “Üç Tenor” layihəsi ilə klassik musiqi tarixinin ən çox satılan albomlarından birinə imza atıb.

Günay











