
“Gürcü əsilli müğənni Soso Pavliaşvili Dağlıq Qarabağa qanunsuz səfər etdiyi üçün üzr istəməlidir”.
Gununsesi.info-nun xəbərinə görə, bu haqda “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov mətbuata açıqlamasında deyib. İcma sədri bildirib ki, S.Paviaşvili yalnız Azərbaycan Hökümətindən və xalqından üzr istədikdən sonra Azərbaycana səfər edə və gələ bilər.
O daha sonra qeyd edib ki, müğənni üzr istədikdən sonra Azərbaycana səfər edərsə, bu zaman onun məcburi köçkünlərlə görüşünü şəxsən təşkil edə və konsert proqramıyla çıxış etməsində yardımçı ola bilər. B.Səfərovun sözlərinə görə, bəzən erməni lobbisinə, Ermənistanın hazırkı hakimiyyətinə aldanan dünyanın bir sıra tanınmış şəxsləri Dağlıq Qarabağa qanunsuz səfərlər edirlər: “Bu insanlar səhvlərini etiraf edərlərsə, onları bağışlamaq mümkündür. Mən bunu əvvəllər də demişəm. Odur ki, Soso Pavliaşviliyə də eyni münasibətdən və bu mövqedən çıxış edirəm”-, deyə İcma sədri vurğulayıb.
Gülnaz Qənbərli
Gununsəsi.info












