Gənc ailələri ən çox qayğılandıran məsələlərdən biri də uşaq bağçalarındakı qanunsuzluq, rüşvət hallardırdır. Əlaqədar şəxslər bunu inkar etsələr də, problem göz önündədir. İstər Bakıda, istərsə də əyalətdə bağça problemi aktual olaraq qalır. Bu sahədə haqlı narazılıq doğuran məsələlərdən ən birincisi dövlət bağçalarında yerlərin dolması bəhanəsi ilə valideynlərdən rüşvət tələbidir. Uşaq bağçaları Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə veriləndən sonra problem nəinki olduğu kimi qalıb, hətta bir qədər də dərinləşib.
Hazırda körpələr evi-uşaq bağçasına, yerindən asılı olaraq bir uşağı yerləşdirmək 100-150, hətta 300 manata başa gəlir. Özəlləşdirilən bağçaların əksəriyyətində isə təhsil haqqının çox yüksək olması necə deyərlər, aztəminatlı ailələrin cibinə heç cür uyğun gəlmir. Valideynlərlə söhbətimizdə də bu və digər problemlər öz təsdiqini tapdı.
Adının çəkilməsini istəməyən iki azyaşlı uşaq anası bildirdi ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsinin mərkəzində yerləşən bağçaya müraciət edərkən, ondan hər bir uşaq üçün 150 manat rüşvət tələb olunub. «Hələ iki ay əvvəl bağçanın müdirəsi ilə danışmışıq. Uşağın adını bağçaya yazdırmaq üçün 50 manat istəyirlər”.
Şəhla Beydullayeva adlı digər valideyn uşağını bir il əvvəl bağçaya qoyduğunu və o vaxt müəssisəyə rüşvət kimi 200 manat ödədiyini söylədi. Bağçanın neçə saylı olduğunu deməkdən çəkinən Şəhla xanım hər ay bağçaya 10 manat aylıq və tərbiyəçiyədə 5 manat verdiyini bildirdi. Əks halda uşaqlar arasında ayrı-seçkilik edirlər.
Başqa bir valideynin – Aişə Hümbətova Binəqədi rayonu ərazisindəki 86 saylı körpələr evi-uşaq bağçasından aldığı cavab isə belə olub. “Yerlər dolub, artıq uşaq götürə bilmərik”deyə cavabını veriblər…
Gununsesi.info olaraq problemin izi ilə bir neçə bağçaya üz tutduq. Özümüzü valideyn kimi təqdim edib, bağçaya uşaq gətirmək istədiyimizi bildirdik. Eşitdiyimiz cavablar eyni oldu: “Yerlər dolub, planda göstəriləndən artıq uşaq götürməyə icazə vermirlər”. Bununla belə dəhlizdəki müəllimələr problemin həllinin “mümkünlüyünə” işarə etdilər.
Daha sonra Yasamal rayonunda yerləşən 117 saylı körpələr evi-uşaq bağçasına yollandıq. Müdirə yerində olmadığı üçün bizi qapıda bağça müəlliməsi kimi özünü təqdim edən və adını demək istəməyən xanım qarşıladı. “Bağçaya uşaq gətirmək istəyirik söylədik”.
Həmin xanımla dialoqumuzu təqdim edirik:
– Yəni bircə yer belə boş deyil? Axı bağçanız kifayət qədər böyükdür, genişdir…
– Bilirsiz, normaya uyğun olaraq bağçaya uşaq yerləşdirilib. Bundan artığını götürə bilmərik. Valideynlərə yerimiz yoxdur deyəndə, elə düşünürlər ki, onlardan nəsə istəyirik.
– Məncə, valideynləri qınamaq doğru deyil. Çünki elə bağçalar var ki, yerlərin dolması bəhanəsi ilə onlardan rüşvət tələb edirlər.
– Bizdə belə bir məlumat yoxdur. Burada müəyyən edilən yerə müvafiq olaraq uşaqlara çarpayı, yataq dəsti, ərzaq, müxtəlif əyani vəsait ayrılır. Onlara gün ərzində dörd dəfə yemək verilir. Bağça mal, toyuq, hətta «ankor» yağları ilə təmin olunur. Əvvəllər belə ərzaqlar varıydı? Yox. Belə halda bağçaya necə əlavə uşaq götürə, yaxud da valideynlərdən pul tələb edə bilərik?
Söhbət burada bitdi.
Baş çəkdiyimiz H.Zərdabi prospekti 59 unvanda yerləşən 99 saylı körpələr evi uşaq bağçanın müdirəsi Ələsgərova Aygün bizimlə söhbətdə bildirdi ki, biz yalnız 2 yaşı olan uşaqları götürürük. Yuxarı yaşlarda olan uşaqlara isə ümumiyyətlə, yerimiz yoxdu: “Biz 2 yaşdan yuxarı uşaqları götürmürük. Hazırda isə yerlərimiz dolub, heç 2 yaş uşaqlarıda götürməyə yerimiz yoxdu. Sentyabr ayında yenə müraciət edərsiz yer olsa, uşağınızı bağçaya yerləşdirərik” dedilər.
Ərazidəki 121 və 184 saylı bağçalara da baş çəkdim. Həmin bağçalarda da eyni sözləri dedilər: “2 yaşdan yuxarı uşağları götürmürük, indi yerimiz yoxdu 3-4 ay qabağ müraciət edin”.
Ancaq valideyinlərdən soruşduqda isə fərqli cavab aldıq. Onların sözlərinə görə, tanımadıqları adamlardan açıq şəkildə pul istəmirlər. “Amma müəllimələr vasitəsi ilə 4-5 yaşında uşaqları da qəbul etdirə bilərsiniz” deyə əlavə etdilər.
Apardığımız kiçik araşdırma zamanı məktəbəqədər təhsil müəssisə rəhbərlərinin uşağın bağçaya götürülməsi, tərbiyəçilərin, müəllimlərin isə onlara baxması müqabilində valideynlərdən pul istəməsini inkar etsələr də, problemin mövcudluğu göz önündədir. Məlum oldu ki, paytaxtda bağça qıtlığının yaranması valideynlərdən “rüşvət tələbini” daha da genişləndirib. Ölkədə rüşvətxorluğa qarşı mübarizənin getdiyi bir vaxtda tərbiyə və təhsil müəssisələrində, ümumiyyətlə idarələrdə, müəssisələrdə rüşvət almaq vərdişinin dərinləşməsi istər-istəməz şübhələrə yol açır.
Məsələ ilə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova ilə əlaqə saxladıq. İcra hakimiyyətinin sözçüsü bizə bağçalarla bağlı aidiyyati şöbənin telefon nömrəsini verərək münasibət öyrənməyimizi məsləhət bildirdi. Adı çəkilən şöbədən isə telefonumuzun zənginə cavab verən olmadı.
Mail Ağaxanov
Gununsesi.info