Paytaxt məktəblərində Debat Klubları yaradılır

  • By admin
  • 02 Fevral 2017 12:10

unnamed (1)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Məktəblilərin Təhsil Müzakirələri” Debat Klubları layihəsinə start verilib.

BŞTİ-dən Gununsesi.info-ya verilən məlumata görə, layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Layihənin əsas məqsədi şagirdlərin ünsiyyət imkanlarının genişləndirilməsinə və yeni dostluq əlaqələri qurmalarına dəstək olmaq, onlarda auditoriya qarşısında sərbəst çıxış etmək, komanda halında birgə fəaliyyət göstərmək, məntiqi təfəkkürü inkişaf etdirmək, fikri düzgün çatdırmaq kimi bacarıq və vərdişlərin formalaşdırılmasından ibarətdir.

Layihəyə ilk mərhələdə Bakı şəhərinin hər bir inzibati rayonu üzrə seçilmiş məktəblər daxil edilib. Cəlb olunan məktəblər bütün ümumi təhsil müəssisələri arasında aparılan sorğunun nəticələrinə əsasən müəyyənləşdirilib.

Ümumi təhsil müəssisələrində Debat Klubların təşkil edilməsi 3 mərhələdən ibarətdir. Hazırlıq mərhələsində müəyyənləşdirilmiş məktəblərin rəhbərləri (direktor, tərbiyə işləri üzrə direktor müavini, UBTR) ilə “Dəyirmi masa”ların təşkili, məktəblər üzrə klub rəhbərlərinin seçilməsi və klub rəhbərləri üçün təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlimlər mərhələsində rayonlar üzrə hər bir məktəbdə təlimlər keçiriləcək və yekun qiymətləndirmə aparılacaq. Sonuncu mərhələdə isə komandaların iştirakı ilə forum və bağlanış (final oyunu) tədbiri təşkil ediləcək.

Layihənin builki nəticələri əsas götürülərək, növbəti tədris ilindən iştirakçı məktəblərin sayının artırılması planlaşdırılır.

Anar

Gununsesi.info