Sudanın paytaxtı Xartumda müxalifətin çadır düşərgəsinin dağıdılması nəticəsində həlak olanların sayı 100 nəfərə çatıb.
Gununsesi.org xəbər verir ki, Azərtac-ın “Associated Press” agentliyinə istinadla xəbər verir ki, 40 cəsəd Nil çayından çıxarılıb.
Bundan əvvəl 60 nəfərin öldüyü bildirilirdi. Sudan həkimləri komitəsinin məlumatına görə, daha 326 nəfər yaralanıb.
Müxalifət keçid Hərbi Şurasını dinc aksiyanı dağıtmaqda ittiham edib və xalqı bütün ölkədə kütləvi etirazlara səsləyib. Hərbçilər isə öz növbəsində bəyan edirlər ki, əməliyyat nümayişçilərə qarşı deyil, etirazçıların sıralarına soxulmuş cinayətkarların tutulmasına yönəlib.
Xatırladaq ki, iyunun 3-də səhər Xartumun mərkəzinə xüsusi təyinatlı qüvvələr yeridilib. Müdafiə Nazirliyinin və Baş komandanlığın mənzil-qərargahı önündəki etirazçılara odlu silahdan atəş açılıb. Toqquşmaların baş verdiyi meydan bağlanıb, yollarda ordu hissələri yerləşdirilib.
Aprel ayında Sudanda baş vermiş hərbi çevrilişdən sonra ölkədə mülki hakimiyyət orqanlarının yaradılması tələbi ilə kütləvi etirazlar başlayıb.