Sosial şəbəkələrdə və bəzi media orqanlarında hazırda həbsdə olan İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının idarə heyətinin üzvü Ayxan İsrafilovun saxlanıldığı Cəzaçəkmə Müəssisəsində zorakılığa məruz qalması barədə məlumat yayılıb.
Gununsesi.info bildirir ki, onun vəkili Fariz Namazlı da bu barədə açıqlama verib.
Vəkilinin sözlərinə görə, ictimai fəal bir cəza müəssisəsindən digərinə köçürülərkən mütəmadi içdiyi dərmanların əlindən alınmasına etiraz etdiyi üçün zorakılığa məruz qalıb
Vəkil bildirib ki, 10 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşları ictimai fəalı döyüb, 15 gün ailəsindən gizlədiblər. Penitensiar Xidmət 15 gün ərzində fəalın ailəsinin və vəkilinin heç bir müraciətinə cavab verməyib.
“İyunun 29-da Umbakıdakı həbs yerindən çıxarılaraq aparılıb. Ailəsinə hara aparılması, harada olması ilə bağlı heç bir məlumat verilməyib. Ombudsman Aparatı ailəsinə bildirib ki, Ayxan 17 saylı CM-dadır. Ancaq ora gedəndə məlum oldu ki, orda da deyil. 2 saylı CM-ya da getdik, orda da yox idi. Nəhayət, ailəsi 10 saylı müəssisəyə getdikdə, Ayxanın orada olduğu bilindi”.
Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev isə Gununsesi.info-ya açıqlamasında bu iddianı təkzib edib.
“Qeyd edilən iddialar əsassızdır. Belə ki, məhkum Ayxan İsrafilov işçi heyət və məhkumlar tərəfindən fiziki və mənəvi təzyiqlərə və işgəncələrə məruz qalmayıb. Həmçinin, A.İsrafilova qanunvericilikdə nəzərdə tutulmuş qaydada və sayda digər məhkumlar kimi ailə üzvləri ilə görüşmək, telefonla zəng etmək, sovqat qəbul etmək üçün şərait yaradılır, gündə 3 dəfə isti və keyfiyyətli qida ilə təmin edilir, hüquqları və qanuni mənafeləri qorunur. Dərman vasitələrinin əlindən alınması ilə bağlı iddiaya cavab olaraq bildiririk ki, müəssisəyə daxil olarkən tibb-sanitariya hissəsinin həkimləri tərəfindən üzərində olan dərman vasitələri müvafiq yoxlama və təyinatı üzrə istifadə edilməsinə nəzarət məqsədilə götürülmüş, müvafiq prosedur başa çatdıqdan sonra özünə geri qaytarılmışdır”.
Afət Abbasova
Gununsesi.info