Pensiyaçılar necə qarət olunur? - ARAŞDIRMA

  • By admin
  • 15 Dekabr 2016 14:00

pensiya

Son günlər ən çox müzakirə olunan məsələlərdən biri pensiya yaşının 70-ə qədər artırılması ilə bağlı qanun layihəsinin parlamentə daxil olmasıdır. 

İqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, BMT-nin insan inkişafı ilə bağı ən son hesabatına görə, Azərbaycanda orta ömür uzunluğu 70.8 ildir. Kişilər üzrə bu göstərici daha aşağıdır – 67.7 il. Qadınlar üçün orta yaş 74 ildir.

Azərbaycan orta ömür uzunluğu göstəricisinə görə, inkişaf eləmiş ölkələrə ən azı 10 il uduzur.

Amma təkcə onlara yox, qonşularına da uduzur. Cənubi Qafqazın 2 ölkəsində orta ömür uzunlüğu 74.5-dən çoxdur. Qadınlar da 78-ə, kişilərdə isə 72-yə yaxındır. Orta ömür uzunluğunun səviyyəsinə görə isə bu 2 ölkəyə təxminən 4 il uduzuruq.

Azərbaycanda orta ömürllük belə aşağı olduğu halda, hökumət pensiya yaşını niyə artırsın?

Təbii ki, bunun başlıca səbəblərindən biri dövlət büdcəsində yaranmış pul böhranıdır.  Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət  Sosial Müdafiə Fondunun (DSMF) dövlət büdcəsindən asılılığı kifayət qədər yüksəkdir.  Bu isə, ölkədə özəl sektorun  inkişaf etmədiyini göstərir.

Daha dəqiq mənzərə üçün DSMF-nin 2017-ci ilin büdcəsinə nəzər yetirək.  Gələn il üçün Fondun gəlirləri və xərcləri 3,4 milyard manat proqnozlaşdırılıb.  DSMF-nin gəlirləri aşağıdakı mənbə üzrə formalaşır:

  1. Məcburi dövlət sosial sığorta haqlarından 2.1 milyard manat toplanması gözlənilir. Bu, ümumi gəlirlərin 62.5 faizini təşkil edəcək.  Bunun da 820 milyon manatı büdcədən maliyyələşən təşkilatlar üzrə daxil olmalar  təşkil edir.
  2. Dövlət büdcəsindən ayırmalar isə 1.270 milyard manat və ya 37  faiz təşkil edir.
  3. Sair gəlirlərdən isə cəmi 5 milyon manat daxil olur.  Nəzərə almaq lazımdır ki, bu istiqamətdəki gəlirlər də dövlət təşkilatları tərəfindən işçilərin sanatoriya-kurort yollayışlarındakı ödəmələrdən tutulur.

Beləliklə, büdcədən maliyyələşən təşklatlardan və ayrılan birbaşa transfertləri bir yerdə toplasaq, DSMF-nin gəlirlərinin 2.3 milyardı dövlət büdcəsi (61.7 faizi) hesabına həyata keçiriləcək.  Fondun büdcədən asılılığının 62 faiz təşkil etdiyinin nəzərə alsaq, o zaman hökumətin pensiya yaşlarını niyə artırdığını də müəyyən etmək çətin deyil.

Özəl sektor  Fondun xərclərinin, hətta yarısını  belə qarşılamaq iqtidarında deyil.  Hələ onu da nəzərə almaq lazımdır ki, Dövlət Neft Şirkəti,  “Azərenerji”,  “Azərsu” və sair kimi iri dövlət  şirkətlərindən daxilolmalar büdcənin özəl sektorun hissəsinə daxil edirlər. Belə olan halda “qeyri- büdcə” sektoru üzrə 1.3 milyard manatlıq sosial sığorta ödənişlərin bir  hissəsi məhz sözügedən şirkətlərin payına düşür.

On minlərlə sahibkar böhrana diz çökərək, işini dayandırıb

Hesablama Palatasının Fondun 2017-ci il büdəcinin rəyinə əsasən,  2017-ci ildə sığortaedənlərin sayının147000 olacağı proqnozlaşdırılıb. Bu isə, 2015-ci ilin faktiki 150806 say göstəricisindən 3806 vahid az, 2016-cı ilin göstəricisiyləsə, bərabərdir. Göründüyü kimi, növbəti ildə sığortaedənlərin sayında ciddi artım proqnozlaşdırılmayıb.

2017-ci ildə sığortaolunanların sayında da ciddi artım nəzərdə tutulmayıb. Belə ki, 2017-ci il üzrə sığortaolunanların sayının 1370000 nəfər olacağı gözlənilir ki, bu da 2015-ci il üzrə müvafiq faktiki göstəricidən 25295 nəfər az, 2016-cı illə müqayisədə isə, demək olar ki eynidir. Azalmanın əsas səbəblərindən biri isə ölkədə iş yerlərinin sayının kəskin azalmasıdır. Məsələn, ötən il  85154 nəfər fiziki şəxs sığortaedən qismində qeydiyyata alınıb,  102687 nəfər fiziki şəxs isə fəaliyyətini dayandırıb. Hüquqi şəxslər üzrə dövlət reyestrinə 5517 subyekt daxil olub,  19550 subyekt isə fəaliyyətini dayandırıb. Başqa sözlə, mənfi saldo fiziki şəxslər üzrə 17533 nəfər, hüquqi şəxslər üzrə 14033 vahid təşkil edib.

Beləliklə, hökumət üzərinə düşən yükü, sosial  ödənişlərin azaltmaq üçün pensiya yaşını qaldırmaq  əsas çıxış yollarından biri olub. Hesablama Palatası isə rəyində göstərir ki, bu göstəricilərin müqayisəsi məcburi dövlət sosial sığorta haqları üzrə mövcud potensialın müəyyən edilməsi ilə bağlı tədbirlərin gücləndiriləcəyini qeyd etmək imkanı verir.

Hesablama Palatası tərəfindən həyata keçirilən nəzarət tədbirlərinin nəticələri Fondda fəaliyyətsiz kimi uçotda olan təsərrüfat subyektlərinin faktiki olaraq fəaliyyət göstərməsi, işçi sayları üzrə fərqlərin olması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin əsas fəaliyyət növünün və yerinin düzgün nəzərə alınmaması kimi halların mövcud olduğunu göstərir. Qeyd edilənləri nəzərə alaraq, Fondun gəlirlərinin artırılması məqsədilə sığortaedənlərlə iş üzrə inzibatçılığın və onlarla hesablaşmaların aparılması istiqamətində fəaliyyətin gücləndirilməsini məqsədəmüvafiq hesab edirik.

Büdcə üzərinə düşən yük 15.5 faiz artıb

Görülən tədbirlərə baxmayaraq,  Fondun gələn il üçün büdcə gəlirlərində dövlət büdcəsindən ayırmalar ümumi gəlirlərin 37,4%-i qədər nəzərdə tutulur ki, bu da 2015-ci il üzrə müvafiq göstəricidən 15,5%, 2016-cı il üzrə müvafiq proqnozdan isə  manat və ya 1,9% çoxdur.

DSMF-in qeyri-büdcə sektoru üzrə gəlirlər 2017-ci ildə bu rəqəm 1,3 milyard  manat və ya Fondun ümumi gəlirlərinin 38,2%-i qədər vəsait proqnozlaşdırılıb.  2017-ci ilin büdcə layihəsində qeyri-büdcə təşkilatlarından məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların həcminin, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla, 1,2 milyard manat olacağı proqnozlaşdırır. Bu, 2016- cı ilin proqnoz göstəricisindən cəmi 4349,8 min manat və ya 0,4% çoxdur.  Fond tərəfindən təqdim edilmiş məlumatlara görə, qeyri-büdcə sektoru üzrə daxilolmaların 895,7 milyon manatının və ya 68,9%-nin sığortaedənlər tərəfindən, 102000,00 min manatının və ya 7,8%-nin isə sığortaolunanlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarından ibarət olacağı proqnozlaşdırılıb. Göründüyü kimi, məcburi dövlət sosial sığorta haqları üzrə əsas yük sığortaedənlərin üzərinə düşür ki, bu da sosial sığorta sistemində iştiraka maraq baxımından sığorta haqqı normativinin strukturunun təkmilləşdirilməsi tədbiri kimi Konsepsiyada nəzərdə tutulan məsələnin əhəmiyyətini bir daha göstərir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 2017-ci ildə cəmi 54,4 milyon manat və ya qeyri-büdcə sektoru üzrə daxilolmaların isə 4,2%-i qədər vəsaitin daxil olması gözlənilir.

Qeyri-büdcə təşkilatlarının Dövlət Sosial Müdafiə Fonduna 347 milyon manat borcu  yaranıb

Hesablama Palatasının rəyində görtərilir ki, hüquqi və fiziki şəxslər tərəfindən əmək haqqı ödənişlərinin düzgün göstərilməməsi, fiziki şəxslər tərəfindən fəaliyyət növünün və yerinin düzgün nəzərə alınmaması hallarının mövcud olduğunu göstərir. Bu, qeyd olunan mənbə üzrə daxilolmalara öz təsirini göstərməkdədir. 2015-ci il üzrə təqdim edilmiş məlumat və hesabatlara əsasən qeyri-büdcə sektoru üzrə Fondun debitor borclarının həcmi ilin əvvəlinə nisbətən sonunda 11,7% artaraq 314,772 milyon manat olub.

Qeyri-büdcə təşkilatları üzrə 01.07.2016-cı il tarixə debitor borcların həcmi 347 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə olan göstəriciyə nisbətən 10,2% çoxdur.

İri sığortaedənlərdən ilin əvvəlinə nisbətən debitor borclarında azalma yalnız Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti üzrə müşahidə edilib. igər iri sığortaedənlər üzrə debitor borclarında ilin əvvəlinə nisbətən artım olub.

– Artım Azərbaycan Dövlət Neft Şirkəti üzrə 1,7 milyon manat və ya 3,3 dəfə,

– “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə 281,4 min manat və ya 12,4%,

-“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə 88,6 min manat və ya 5,7%,

-“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üzrə 196,6 min manat və ya 45,5%,

-“Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə 2,9 milyon manat və ya 10,1% təşkil edib.

Göründüyü kimi, debitor borcların məbləği xüsusilə də qeyri-büdcə sektoru üzrə son dövrlərdə artım tendensiyasına malik olub. Bunun acısını isə artıq yaşa dolmuş, iş tapa bilməyən, amma pensiya yaşının qaldırılması ilə əlaqədar təqaüd də ala bilməyən  insanlar çəkir. Gələn il qapımıza dirənmiş böhran isə vəziyyəti daha da ağırlaşdıracaq.

Vüsalə Rüstəmova

Gununsesi.info