
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) rəsmilərinin Cəbəliyə qaçqın düşərgəsinə ilk hücumun səbəbləri ilə bağlı İsrail ordusundan izahat tələb etdiyi bildirilib.
Gununsesi.info bildirir ki, ABŞ-da nəşr olunan “Politico” jurnalının Ağ Ev rəsmisinə əsaslanaraq verdiyi xəbərə görə, Pentaqon İsrail ordusunun Qəzzanın şimalındakı Cəbəliyə qaçqın düşərgəsinə ilk hücumunun arxasındakı düşüncə və proses haqqında məlumat istəyib.
Pentaqon həmçinin İsraildən “mülki əhalinin zərər görməməsi üçün səy göstərməyi” istəyib.
“Politico”ya danışan ABŞ Nümayəndələr Palatasının demokrat üzvü, ABŞ prezidenti Co Bayden administrasiyasının Cəbəliyə qaçqın düşərgəsinə edilən hücumdan sonra xüsusilə şəxsi görüşlərdə İsrail hökumətinə hücumları ləngitməsi üçün təzyiq etdiyini bildirib.
Nümayəndələr Palatasının üzvü əlavə edib ki, demokratlar hücumların davam edəcəyi təqdirdə İsraili cəzalandırmaq üçün bəzi tədbirləri müzakirə edirlər və lazım gələrsə müəyyən mexanizmlər işə salına bilər.
Pentaqonun mətbuat katibi Patrik Rayder verdiyi açıqlamada, “Biz tərəfdaşlara, o cümlədən İsrailə açıq şəkildə bildiririk ki, hərbi yardım göstərdiyimiz zaman ondan beynəlxalq hüquqa, o cümlədən müharibə qanunlarına və mülki insanları qorumaq öhdəliklərinə uyğun istifadə edilməlidir” deyib.
Cəbəliyə qaçqın düşərgəsinə edilən hücumda 100-dən çox adam həyatını itirib və İsrail hücumun məsuliyyətini üzərinə götürüb və düşərgədəki Həmas komandirini hədəf aldığını iddia edib.
Gununsesi.info