Yəmənin husi üsyançıları Qəzza zolağında qarşıdurmanın qızışmağa başladığı oktyabrın 7-dən indiyədək Qırmızı dənizdə gəmilərə 100-dən çox hücum həyata keçirib.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin akvatoriyadakı vəziyyətə dair 43 ölkə nümayəndəsinin iştirakı ilə keçirilən onlayn konfransın yekunlarına dair bəyanatında deyilir.
“Husilər pilotsuz uçuş aparatları və ballistik raketlərdən istifadə edərək 10 ticarət gəmisinə 100-dən çox hücum həyata keçirib, bununla da 35-dən çox ölkəyə qarşı gəliblər”, – sənəddə deyilir.
Pentaqondan, həmçinin bildirilib ki, dünya ticarətinin 10-15 %-ni təşkil edən Qırmızı dənizdən keçən kommersiya gəmiləri marşrutu dəyişmək məcburiyyətindədir, nəticədə çatdırılma müddəti bir neçə həftə artır.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Qırmızı dənizi husilərin atəşindən qorumaq üçün beynəlxalq əməliyyata başladığını açıqlamışdı. Öz növbəsində, husilər də hər 12 saatdan bir gəmilərə hücum edəcəyini deyiblər.
Bu günə qədər Avropanın 4 böyük şirkəti Süveyş kanalı ilə müxtəlif yüklərin daşınmasından artıq imtina edib. Avropa ölkələri artıq Qırmızı dənizə hərbi gəmilər göndərməyə hazırlaşır.
Gununsesi.info