
Parlamentin Elm və təhsil komitənin gündəmində bu gün “Peşə təhsil haqqında” qanun layihəsi dayanır.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il payız sessiyası ilə bağlı parlamentin Elm və təhsil komitəsinin sentyabrın 18-də keçirilən iclasında akademik, adıçəkilən komitənin sədri İsa Həbibbəyli deyib.
Komitə sədrinin sözlərinə görə, bu baxımdan, həmin sənədin parlamentin payız sessiyasının müzakirələrinə çıxarılması nəzərdə tutulur:
“Çox güman ki, biz həmin sənədi oktyabr ayında müzakirələrə təqdim edə biləcəyik. Bu da olduqca vacib və əhəmiyyətli sənəddir. Yaz sessiyasından sonrakı dövrdə də bunun üzərində çox ciddi işlənilib və o, artıq müzakirələrə hazırdır”.
Komitə sədri həmçinin, “Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanmasının və müzakirələrə çıxarılmasının nəzərdə tutulduğunu söyləyib:
“Biz bu sənədi peşə təhsili ilə bağlı qanun layihəsini müzakirələrə təqdim edildikdən dərhal sonra, yəni, noyabr ayında hazırlamağa başlamağı nəzərdə tuturuq. Həmin vaxt bu qanun layihəsinin hazırlanması ilə bağlı İşçi Qrupunu yaradacağıq. Bu sənədin də hazırlanması və qəbulunu vacib sayırıq”.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info