PFL rəsmisi qəza anından yazdı

Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşən Peşəkar Futbol Liqasının idman şöbəsinin direktoru Elgiz Abbasov hadisə barədə yazıb.

Gununsesi.info xəbər verir ki, o, feysbuk hesabında bu barədə paylaşım edib.

“Vəziyyəti başa düşməyimiz çox zaman almadı. Bir də gördük, kimsə çöldən şüşəni sındırır, sonra onu görə bilmədim. Ümumiyyətlə, həmin vaxt bizə çox operativ dəstəklər gəldi. İlk növbədə “Qarabağ”ın baş meneceri Asif Əsgərova (06:25) xəbər verdik, yolda olduğunu bilirdik.

İsrar elədik ki, hamını Bərdəyə aparsınlar, sağ olsunlar, sözlərimizə qulaq asdılar. Hadisə yerində edilən ilkin müdaxilələr möhtəşəm idi, hamı öz ailəmiz kimi davrandı. Bakıda xəstəxanalardan birinə zəng edəndə təcili yardım maşınında yolda idik. Elnur (sürücü) bizə videonu göstərəndə dəhşətə gəlmişdik.

“Yaxınısız?” ​sözünün məsuliyyəti nə qədər ağır imiş?! Amma şükür, gözlənilən ən pis ehtimalların heç biri olmadı.

 

Elnur Məmmədovun (AGİN) səsində olan kədəri ifadə etmək üçün gərək Dostoyevski olasan, Sərxan Hacıyev gecənin bir aləmi hadisəyə dərhal reaksiya verdi, Fərid Qayıbovla danışdıq, bütün əlaqələrini işə saldı, özü ilə danışmasaq da, Rövnəq Abdullayevin necə kritik addımlar atdığını sonradan öyrəndik.

Bütün bu proseslərin sonunda çox kritik ilkin müdaxilələr davam edirdi (insanların qarışqa kimi işləməsindən bunu başa düşürdük). Bərdəni ilk olaraq Aslan tərk etdi (səhv etmirəmsə, Yevlaxdan gələn təcili tibbi yardım maşını ilə), daha sonra Sənan, Zaur, Rasim (sürücü) və mən çıxdıq, bizdən 20 dəqiqə sonra Elxan müəllim xəstəxanadan gələn təcili tibbi yardım maşını ilə reanimasiyaya təhvil alındı.

Bütün ailələrə xəbər verdik, amma xəstəxanaya çatanda ailələrimizin çox olduğunu gördük”.

Elgiz Abbasov bildirib ki, o və Zaur Hacı Məhərrəmov artıq evdədirlər: “Sənan da tezliklə evə buraxılacaq, Elxan müəllim və Aslandan da, hamıya məlum olduğu kimi, ilkin müsbət siqnallar var”.

 

Gununsesi.info