Pifaqorun aforizmləri

  • By admin
  • 03 Aprel 2024 10:49
Bizim eradan qabaq 570-500-ci illərdə yaşamış Pifaqoru çoxumuz bir riyaziyyatçı kimi tanıyırıq, özlüyündə isə o, fəlsəfənin ilk yaradıcılarından biri olmuşdur. “Filosof”, “kosmos” kimi terminləri elmdə ilk olaraq onun yaradıb işlətdiyi də bəllidir.
Görkəmli ingilis riyaziyyatçısı, filosofu Bertran Rassel yazırdı: “Mən, İnsan düşüncəsini irəli aparan şəxslərin arasında Pifaqordan böyük sayıla biləcək başqa birisini tanımıram”.
Gununsesi.info Pifaqorun məşhur aformizlərini təqdim edir:
Heykəli onun gözəlliyi, insanı isə gördüyü işlər yaraşıqlı göstərir.
Öz düşkün istəklərindən asılı olan kimsə azad sayıla bilməz.
Uşaqlarınızın göz yaşlarını qoruyun, – qoyun, vaxtı çatanda onlar sizin qəbrinizin üstünə tökülmək üçün qalsın.
Xoşbəxt yaşamağın elmi yolu, bugünü gərəyincə yaşamağı bacarmaqdır.
Özünə gerçək dost axtar, tapdınsa, tanrılara da gərək duymayacaqsan.
Elə yaşamağa çalış ki, dostlarını yağılarına, yağılarını dostlarına çevirməyəsən.
İnsanın üzü, onun ruhunun gözəlliyindən soraq verəndə ən gözəl olur.
Gücləri tən gələn ikisindən, kim haqlıdırsa, o da güclüdür.
Susmaqdan yaxşı olan nəsə deməyəcəksənsə, onda ən yaxşısı elə susmaqdır.
İçkiyə öyrəşmək, özünü anlamazlığa alışdırmaq üçün çalışmaqdır.
İçki düşkünü öz yaramazlığından necə qurtula bilər? Mən onun yerinə deyirəm: qoy o, içkili olanda elədiklərini tez-tez xatırlasın.
Hər şeydən öncə, bütün şeyləri öz adları ilə deməyi öyrən, bu, bütün vacib elmlərin ən birincisidir.
Ey Xalqlar! Yaxşı qanunlar yaratmazdan öncə, yaxşı əxlaqınızın olmasına çalışın, qanunlara uyğun yaşamaq, elə əxlaqlı olmaq deməkdir.
Gənclər! Özünüzü dərindən düşünməyə alışdırın, bu sizləri çox danışmaq düşüklüyündən çəkindirər.
Özünə yaxşı dost tapa bilmirsənsə, onda çalış özünlə dostluq eləyəsən.
Birdən səndən soruşsalar: “Ölüm nədir?” –Deyərsən: “Cahillikdən böyük ölüm yoxdur”.
Günün doğan, batan çağlarında görünən kölgənin uzunluğuna baxıb, özünü böyük sanma.
Yalnız elə öz yazılarında müdrik görünənlərdən olma.
Gözəl tikililərinin, böyük abidələrinin yanında xalqı çox yoxsul və kiçik görünən şəhərdə yaşama.
Bədənini ruhunun tabutu eləmə.
Xalqın gözü qarşısında, onun inancına bağlı olan şeylərə gülməzlər, xalqa acımaq olar, ancaq onu ələ salmaq olmaz.
Krotonlular!* Tanrılara, sizinlə yaxşı davransınlar deyə qurbanlar verib, onları alçaltmayın.
Krotonlular! Nə vaxtadək, sizin şəhərinizdə varlılarla yoxsullar olacaq, o vaxta qədər özünüzü azad xalq saya biməzsiniz: yoxsullar, dolanışıq ucbatından, istər-istəməz varlıların qullarına çevrilirlər.
Krotonlular! Qoy sizin ilk tanrılarınız günəşlə, qanunlar olsun: birincisi sizin əməyinizi, ikincisi davranışınızı idarə edir.
Ey müdrik! Sən xalqa aşılamaq istədiyin hansısa həqiqətə, hamının arzusu donunu geyindirməyi bacarmasan, əməyin boşuna gedəcək. Hamının arzusu deyilən şey, bütün xalqların inandığı bir qanundur.
Krotonlular! Tanrılarınızın əlinə qamçı verməyin: yoxsa, o sonradan, sizləri uşaq yerinə, qul yerinə qoyub, cəzalandıracaqdır.
Ey qanunlar yazan! Sən öz işində Təbiəti yamsılamağa çalış: görürsən, onun ayrı-ayrı gerçəklikləri də, onların toplusu da, necə mükəmməl görünür.
Adamların mülkiyyət ayrı-seçkiliyi qaldıqca, onların hüquqi ayrı-seçkiliyi aradan qalxmayacaqdır.
Xalqın hansı idrakın yiyəsi olduğunu bilmək istəyirsənsə, ilk öncə onun dilini öyrən.
Öz istəklərinin – ölçüsünü, düşüncələrinin – çəkisini, sözlərinin – sayını bil.
Yurdunun böyüklüyünü anlamaq üçün onun haradan başladığını ansan yaxşıdır: Yurdun–sənin Ata Ocağından başlayır.
Heyvanları öldürməkdən çəkinin. İnsanlar onların qanını tökməkdən elə quduzlaşdılar ki, sonra da biri-birini öldürməyə başladılar.
Ölümdən qorxma: bu ancaq yaşadığın evi dəyişməkdir, yerin üstündən altına köçməkdir.
Xanımı ilə yola getməyən adamı özünə dost eləmə.
Gənclər! Öz istəklərinizi yerinə yetirməzdən öncə, onların nəyə yaradığını düşünüb daşının.
Krotonlular! Şəhərinizin ətrafını uca hasarlarla bərkitməkdənsə, onu yaxşı qanunlarla bərkidin.
Öz ömrünü elə yaşamağa çalış ki, ötən hər günün sonunda deyə biləsən: “Mən bu günü yaşadım”.
Öz dövlətçiliyini sevən xalq! Çalış, yaşadığın cəmiyyətdə: yerinə yetirilməyən hökmlərə, bacarıqsız dövlət başçısına, gen-bol bəzənmiş yemək masasına yer olmasın. Bu üç yaramazlıq, cəmiyyəti də, ailələrinizi də, yoxluğa sürükləyəcəkdir.
Ey gənclik! Vərdiş etmyə qarşı dayanmağı bacar: vərdiş elə güclü yaramazlıqdır ki, adamları qul olmağa belə alışdıra bilir.
Bütün görəcəyin işləri öncə vicdanına, sonra da dostlarına gənəş.
Krotonlular! Sizdən soruşsalar: “Tanrılardan öncə nə olub?” – deyərsiniz: “Qorxu və ümidlər”.
Krotonlular! İstərsiniz, özünüzə yarımtanrılar düzəldin, ancaq yarımqanunlar düzəltməkdən çəkinin.
Dilsiz-ağızsız heyvanların bizm işlərimizdən baş açmadığını düşünməyin. Ah, onlar birdən danışa bilsəydilər, bizim üzümüzə, nələr, nələr deyərdilər!
Ruhunu düşünməyə alışdır, çox keçmədən, onun da qartal kimi qanadları olacaq.
*Kroton, İtaliyanın Cənubunda şəhər olmuşdur, Pifaqor burada özünün fəlsəfə məktəbini yaratmış, çoxsaylı ardıcılları ilə birgə, ayrıca bir icma qurmuşdur.
Elmar
Gununsesi.info