PKK-nı ABŞ, Aİ və Rusiyanın dəstəyindən məhrum etmək lazımdır- DEPUTAT

  • By admin
  • 28 İyun 2016 10:25
fazil
Türk ordusunun küncə sığışdırdığı PKK-nı ABŞ, Avropa Birliyi (AB) və Rusiyanın birgə dəstəyindən məhrum etmək lazımdır. Gununsesi.info xəbər verir ki, fikri millət vəkili Fazil Mustafa Türkiyə-İsrail münasibətlərinin normallaşdırılması ilə bağlı mövqeyini açıqlayarkən deyib. Onun sözlərinə görə, Türkiyə atdığı addıma görə Qərbdən lazımi dəstəyi ala bilmədi və ABŞ-a görə Suriyada Rusiya ilə münasibətlərini gərginləşdirən Türkiyəyə ABŞ PYD və PKK-ya dəstəyini gücləndirməklə cavab verdi, Avropa Birliyi miqrant məsələsində verdiyi vədi yerinə yetirmədi və bütün yükü Türkiyənin üzərinə qoydu, Almaniya da daha irəli gedərək saxta erməni “soyqırımı”nı tanıdı.
Millət vəkili deyib ki, 9 ay öncə Türkiyə Rusiya təyyarəsni vurub. “Yəni, birbaşa. Doğru edib. Bütün dünyaya başa salıb ki, kimin hansı gücü olmasından asılı olmayaraq mənim sərhədlərimi keçmək olmaz və belə olduqda ən sərt addımlara hazıram. 9 ay sonra Türkiyə Rusiyadan üzr istəyib. Yəni dolayı yolla. Yenə də doğru edib!”, – deyə millət vəkili vurğulayıb.
F.Mustafa qeyd edib ki, indi başlayacaqlar “mən demişdim axı üzr istəyəcək”, “mən demişdim axı rusun təyyarəsini vurmaq olmaz” ifadələrini indi daha tez-tez bizim və Türkiyənin mediasında gözdən keçirəcəyik, ancaq siyasətdə bunun qısa bir izahı var: xarakterimi göstərdim, gücüm çatana qədər dirəşdim, sonda dalandan qurtulmaq üçün bu yolu seçdim: “Situasiyanın tələbi budur ki, Türk ordusunun küncə sığışdırdığı PKK-nı ABŞ, Avropa Birliyi və Rusiyanın birgə dəstəyindən məhrum etmək lazımdır. Açığı söyləyim ki, rus təyyarəsi ilə bağlı epizodda ölkə prezidentinin addımı bədəli nə olursa olsun, əsaslandırılmış idi, bu həm də Rusiya ilə sanksiya dilə ilə danışan Qərb dövlətləri üçün müttəfiqlik naminə edilən misli görünməmiş fədakarlıq idi. Ancaq Qərb müttəfiqlik əxlaqını yerinə yetirmədi.”
Onun fikrincə, Ərdoğanın əsil problemi İsraillə münasibətlərin mənasız yerə pozulmasından başladı: “Qəzza məsələsinə görə bu qədər dərinə gedilməsinin izahını vermək mümkün deyil. Məsələn, Azərbaycana görə Ermənistanla sərhədləri bağlamaq, diplomatik münasibətlər qurmaqdan imtina siyasəti hərtərəfli anlaşılandır. Çünki bunun qarşılığını Azərbaycan hər zaman enerji və başqa məsələlərdə ayrıca jestlərlə verib və bundan sonra da verəcəkdir. Qəzzaya yardım və dəstək də lazımdır, ancaq bunu İzraillə münasibətləri pozmaq bahasına etmək doğru deyildir. Sırf iqtisadi baxımdan isə bölgədə hər iki dövlətin maraqlarına ciddi zərbə vurulmuş oldu”.
Millət vəkili hesab edir ki, İsrail və Rusiya həmlələrinin ardından cənab Ərdoğan özündə güc tapıb rəsmi Misirlə münasibətlərin normallaşmasına çalışmalıdır. İranla bağlı siyasətin də müsbət məcrada dəyişməsi vacibdir. Zaman göstərdi ki, xarici siyasətdə məsələlərə ideoloji prizmadan yanaşmaq Suriya kimi çözülməz bir problemi qarşıya çıxara bilər”.
Millət vəkili onu da deyib ki, Azərbaycan üçün isə, bu addımların müsbət sonluğa varması hava-su kimi lazımdır. “”Fillər savaşanda çəmənlik əzilir.” Təqribən belə bir şey… Bu arada Böyük Britaniyanın baş nazirinin Türkiyənin Avropa Birliyinə daxil olmasına ölçdüyü üç min illik müddət də yadıma düşdü. Özü isə Avropa Birliyində qalmaqla bağlı keçirilən referendumun nəticəsinə heç üç saat da qatlana bilmədi. Deməli, siyasətin konturları texnoloji inqilab sürəcində daha çevik dəyişəndir. Yuxarıda 9 ay məsələsini əslində normal doğuş müddəti ilə əlaqələndirdim. Yəni 9 aydan sonra yeni siyasətin doğuşu söz konusu. Ona görə də düşmənçilikdə söyüşlərin hamısını işlətməmək, dostluqda da təriflərin hamısını yağdırmamaq məsləhətdir. Sonra istənilən üzr, qəbahətdən betər olur”, – deyə F. Mustafa qeyd edib.
Chat Conversation End