Pol Qobl: “Bakıdakı hadisə dünyanı dəyişdi” - TANINMIŞ QƏRB EKSPERTİNDƏN MARAQLI MÜSAHİBƏ (VİDEO)

  • By admin
  • 20 Yanvar 2017 11:12

polqobl

Gununsesi.info-nun xəbərinə görə, Avrasiya millətləri üzrə ekspert Pol Qobl Amerikanın Səsinin Azərbaycan xidmətinə müsahibədə 20 yanvar hadisələrinin tarixi əhəmiyyətindən söz açıb. Cənab Qoblun sözlərinə görə yanvar hadisələri Azərbaycan xalqının siyasi təkamülündə əvəzolunmaz rol oynayıb.

Amerikanın Səsi: Qanlı Yanvar hadisələri zamanı siz region üzrə iş aparan təşkilatın əməkdaşı idiniz. Siz bu hadisəni necə xatırlayırsınız? Həmin gün barədə şəxsi təəssüratlarınızı bölüşə bilərsinizmi?

Pol Qobl: Həmin gün, 1990-cı il yanvarın 20-də, mən Münhendə qərargahlanan Azadlıq Radiosunda araşdırmalar üzrə əvəzləyici direktor vəzifəsində çalışırdım. Amma həmin vaxt mən Münhendə deyildim. Milliyət məsələləri barədə keçirilən konfransda iştirak etmək üçün Yamaykada idim. İnformasiya BBC xəbər agentliyi və The New York Times kimi qəzetlərdən sızdıqca mənə aydın oldu ki, bu, bir dönüş nöqtəsidir. Bakıda baş verənlər dünyanı elə dəyişdi ki, artıq geriyə yol qalmamışdı. Dörd gün sonra mən Münhenə qayıdanda biz Bakıdan gələn məlumatları nəzərdən keçirdik, vəziyyəti izləyən adamlarla danışdıq. Qənaətimiz bu, idi ki, biz inqilabi hadisənin şahidi olmuşuq. Bu hadisədən sonra Moskvada oturan rəsmilərin nə düşünməsindən asılı olmayaraq onlar cini yenidən lampasına qaytara bilməzdilər.

Amerikanın Səsi: Həmin məşum hadisədən 21 il ötüb. Geriyə baxdıqca, bu olayın tarixi əhəmiyyətini necə qiymətləndirirsiniz?

Pol Qobl: Zənnimcə, Qara Yanvar sovetlərin Azərbaycan xalqına qarşı qəddarlığı və bu qəddarlığa Azərbaycan xalqının reaksiyası – Elmlər Akademiyası üzvlərinin kommunist partiyası biletlərini qaytarması və 70 il öncə mövcud olmuş Azərbaycan Demokratik Republikasını bərpa etmək haqda söz-söhbətin yayılması – ilə səciyyələnir. İnsanlar qəfildən gördülər ki, müstəqillik mümkündür. Bu, gələn həftə baş verməyəcək, amma bu, olacaq. İnsanlar bunu dərk etdikdən sonra artıq işlədilən zorun həcmindən asılı olmayaraq fikirləri dəyişmək mümkün deyildi. Hamı anlayırdı ki, Moskva Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsini əzməyə çalışır və əslində bu hərəkət istiqlaliyyət mücadiləsini daha da alovlandırdı. Bu hadisədən sonra heç bir azərbaycanlı öz millətinin Moskva tərəfindən idarə edilməsini qəbul edə bilməzdi.

Amerikanın Səsi: O zaman rəsmi Moskva tərəfindən Sovet qoşunlarının Azərbaycana daxil olmasına səbəb kimi ermənilərin Bakıda qırğına məruz qalması göstərilirdi. Bu ittiham həqiqətə nə dərəcədə uyğundur?

Pol Qobl: Moskva daim azərbaycanlılara qarşı erməni kartından və eləcə də ermənilərə qarşı Azərbaycan kartından istifadə edəcək. Bu, həmişə belə olur. İnanmıram ki, sovetlərin iddia etdiyi kimi cinayətlər baş vermişdi. Əminəm ki, Sovet agentləri müdaxiləyə əsas qazandırmaq üçün provokasiyalar törətmişdilər. Azərilər arasında Qarabağda baş verənlər xeyli qəzəb doğurmuşdu. Mümkündür ki, Bakıda qalan bəzi ermənilər hücumlara məruz qalmişdı. Amma, Moskvanın əzici imperialist hərəkətinə bununla haqq qazandrmaq cəfəngiyyatdır. Heç kim adamların pis rəftara məruz qalmasını arzulamır. Amma, sovetlər zərərçəkəni qınayırdılar. Faciəli haldır ki, indiyədək də bir çox adamlar zərərçəkənləri qınamağı özlərinə rəva görürlər. Bir çox azərbaycanlılar həmin vaxt anadan olmamışdılar, yaxud o günləri xatırlamırlar. Lakin, bütün azərbaycanlılar bilməlidir ki, bu hadisə Azərbaycan millətinin yenidən dünyaya gəlməsi demək idi. Məhz bu olay, bir ildən sonra müstəqil Azərbaycan dövlətinin təşəkkül tapmasını mümkün etdi.

Amerikanın Səsi: Siz Sovet millətləri üzrə Qərbin tanınmış ekspertisiniz. Bu hadisələrə Qərbdə reaksiyanı necə xatırlayırsınız?

Pol Qobl: Əvvəla onu deyim ki, Qafqaz üzrə ixtisaslaşan qərbli ekspertlərin sayı elə də çox deyil. Həmin vaxt mütəxəssislər arasında debat var idi. Sovet İttifaqına başlıca təhlükə haradan qaynaqlanır? Əhalinin hansı kəsimi təhlükə mənbəyidir? Parisdə qərargahlanan Aleksandr Benniqsen başda olmalqla bir qrup adam deyirdi ki, SSRİ-ni müsəlmanlar dağıdacaq, çünki demoqrafik faktorlar bunu diktə edir. Mənim də daxil olduğum başqa qrup isə düşünürdü ki, əsas təhlükə Baltik respublikalarından və Ukraynadan qaynaqlanır. Çünki Baltikyanı dövlətlərin işğal edilməsi faktı rəsmən tanınırdı və əgər Ukrayna birliyi tərk etsəydi, Sovet İmperiyası dağılardı. Bakıda baş verənlər bu debatı yenidən canlandırdı. Ortada bir müsəlman respublikası var idi ki, öz yolunu getmək istəyirdi, lakin bu cəhd qəddarlıqla əzildi. Lakin, başqalarına bu münasibət bəslənilmirdi. Eyni zamanda, Baltikyanı millətləri Bakı olayları ruhdan salmadı. Azərbaycan xalqına Sovet məkanının bu guşələrindən dəstək gəldi. Düşünürəm ki, Azərbaycan xalqı, və burada əsasən xalqı nəzərdə tuturam, 24 saat kəsiyində anladı ki, azərbaycanlı olmaq nə deməkdir. Bu, milli özünüdərk idi. Sovetlərin bu hissi tələm-tələsik boğmaq cəhdi əks-effekt verdi və bununla da post-Sovet Azərbaycanının meydana çıxmasına zəmin yaratdı.