Polad Həşimovun ölümündən sonra müharibəyə getdi

  • By admin
  • 13 Mart 2021 18:24

Orxan Səlvər oğlu Qəhrəmanov 28 mart 1991-ci ildə Bakıda anadan olmuşdur. Özündən böyük bir qardaşı olub. Uşaqlıq illəri doğulduğu Suraxanı rayonu Qaraçuxur qəsəbəsində keçib. 1997-ci ildə Suraxanı rayon N.Rəfiyev adına tam orta məktəbin 1-ci sinfinə gedib. Ailə vəziyyəti çətin olduğundan təhsilini yarımçıq qoymaq məcburiyyətində qalan Orxan 2006-cı ildə 9-cu sinfi başa vurduqdan sonra anasına kömək etmək məqsədilə bərbər işləyib. 2009-cu ildə Suraxanı rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Ağcabədi rayonunun Qiyaməddinli kəndində yerləşən “N” saylı hərbi hissəyə göndərilir. 2010-cu ildə xidmətini başa vurduqdan sonra evinə qayıdıb.

“Tovuz döyüşləri” zamanı general Polad Həşimovun şəhid olması xəbəri Orxana çox pis təsir edir və döyüşdə iştirak etmək üçün hərbi komissarlığda qeydiyyatdan keçir.

27 sentyabr 2020-ci ildə başlayan II Qarabağ müharibəsində Orxan Hərbi komissarlıq tərəfindən çağırılır və təlimə göndərilir. O, müharibə başlayan ilk gündən döyüşə qatılır. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd uğrunda gedən ağır döyüşlərdə yüksək sücaət və qəhrəmanlıqlar göstərir. Düşmənə sarsıdıcı zərbələr endirən və xeyli sayda canlı qüvvəsini məhv edən qəhrəman Orxan 21 oktyabr 2020-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndi uğrunda gedən ağır döyüşdə şəhadətə yüksəlir. Şəhidin nəşi həmin ayın 25-də Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən “Şəhidlər Xiyabandı”nda torpağa tapşırılır.

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Bakı şəhərində anadan olan könüllü əsgər Orxan Səlvər oğlu Qəhrəmanov ölümündən sonra “Xocavəndin azad olumasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilir.

Allah rəhmət eləsin. Cənnətdəki ilk ad günün mübarək olsun!