Evindən oğurluq faktı ilə əlaqədar Ağsu Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini qanunsuz odlu silah saxladığına görə tutulub.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, mayın 11-də Ağsu rayonunun Qaradaşlı kənd sakini Sədaqət Qədirov Rayon Polis Şöbəsinə müraciət edərək mayın 10-da evindən pəncərədən girmək yolu ilə 200 manat pulunun və 2 ədəd qızıl üzüyünün oğurlanmasını bildirib.
Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndliləri Şamxal Məmmədov və Elçin Abdullayev tutulublar. Onlardan 5 ədəd qumbara, 1 ədəd kustar üsulla düzəldilmiş tapança və 4 ədəd alışdırıcı götürülüb.
Onlar izahatlarında silah-sursatı S. Qədirovun evindən oğurlamalarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq S. Qədirovun evinə baxış zamanı oradan 25 ədəd pulemyot patronu və 1 ədəd qumbara alışdırıcısı aşkar edilərək götürülüb. Nəticədə S. Qədirov tutulub.
Anar
Gununsesi.info