
İranın Sistan bölgəsində polisin keçirdiyi əməliyyat zamanı 1 tona yaxın narkotik maddə müsadirə edilib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə məlumat verən bölgənin polis rəisi general Hüseyn Rəhimi bildirib ki, narkotika biznesi ilə məşğul olanların təqib edilməsi nəticəsində Sistandan Zahedan şəhəri istiqamətində hərəkət edən yük maşını saxlanılıb. Maşına baxış zamanı 716 kiloqram tiryək aşkar edilərək müsadirə olunub. Sürücü ilə yükü müşahidə edən şəxs həbs edilib.
General bildirib ki, son 30 ildə İran hökuməti narkotika qaçaqmalçılığının qarşısını almaq üçün 700 milyon dollar vəsait xərcləyib. Bu müddət ərzində narkotik maddələrin ticarəti ilə məşğul olanlarla baş verən silahlı toqquşmalarda 4 min polis əməkdaşı həlak olub.
Xatırladaq ki, İranın Sistan və Bəlucistan bölgələri Əfqanıstan ilə sərhəddə yerləşir. Narkobiznes nümayəndələri İrandan tranzit yol kimi istifadə edərək narkotik maddələri ərəb ölkələrinə və Avropaya daşıyırlar.
Gununsesi.info