Polis seçkidə özünü necə aparmalıdır?

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Gəncədə Mərkəzi Seçki Komissiyasının Daxili İşlər Nazirliyi ilə birgə layihəsi çərçivəsində polisin seçkilərdə xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunan növbəti seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının və Daxili İşlər Nazirliyinin nümayəndələri, dairə seçki komissiyalarının sədrləri, polis idarələri və şöbələrinin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov seçki qanunvericiliyi, seçki komissiyalarının sistemi, seçki prosesi, onun mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları mövzularına toxunub.

Sonra DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndələri Oqtay Tağıyev və Sənan Əliyev seçki kampaniyası dövründə və seçkilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri, seçkidən sonrakı dövrdə seçki bülletenlərinin və digər seçki sənədlərinin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsi mövzularında çıxışlar ediblər.

Həmçinin tədbirdə Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini Mehman İbrahimov və Mərkəzi Seçki Komissiyasının üzvü Tofiq Həsənov seçki subyektləri, onların hüquq və vəzifələri, seçki subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilənin yolverilməzliyi mövzularında danışıblar.

 

 

Gununsesi.info