Polis Təranə Səmədovanın qızını dindirdi

İki gün əvvəl həbs edilən prodüser Təranə Səmədova ilə bağlı yeni iddialar ortaya çıxıb.

Gununsesi.info Lent.az–a istinadən xəbər verir ki,  prodüserin qonşuları tərəfindən onun evində cinsi azlıq nümayəndələrini qonaq edib, uşaqlarını diləndirməsi ilə bağlı bir neçə iddia irəli sürülüb.

Məsələ ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, uşaqları dünən tibbi müayinədən keçiriblər:

“Təranənin yeddi aylıq kiçik qızında çəki azlığı var. Körpəyə müalicə yazılıb. Suelin isə yaşadığı bir çox ağır hadisələrə görə mütəmadi olaraq psixoloq konsultasiyalarına getməsi vacibdir. Uşaqlarda ata faktoru və bağlılığı görmürəm. Suelin beynində atanın yoxluğu formalaşdırılıb. Yəni anası ona aşılayıb ki, sənin atan da, anan da mənəm və s. Sueldə ataya qarşı bir münasibət yoxdur.

O ki qaldı qonşular tərəfindən yayılan iddialara, bəli, Suel özü deyir ki, anası aqressiv vəziyyətdə onlara xəsarət yetirməsin deyə uşağı da götürüb, evdən qaçıb. Bu gün Xətai Rayon Polis İdarəsinin əməkdaşları Suelin izahatını alıblar. Ümumiyyətlə, uşaqların diləndirilməsi və digər iddialarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Polis uşaqlara qarşı şiddət, zorakılıq və ya digər hərəkətlərin edilməsi ilə bağlı təhqiqata başlayıb. Əgər fakt varsa və təsdiqini taparsa, Təranə Səmədova əlavə məsuliyyətə cəlb ediləcək”.

Qeyd edək ki, Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq iki il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı.

Gununsesi.info