“Emin Hüseynovun Mehman Hüseynovun guya ciddi işgəncəyə məruz qalması, ona mənşəyi bəlli olmayan iynə vurulmasiyla bağlı verdiyi açıqlama cəfəngiyat və şər-böhtandır”.
Bu haqda Gununsesi.info-ya polis polkovnik-leytenantı, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bloger Mehman Hüseynovun qardaşı, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) icraçı direktoru Emin Hüseynovun açıqlamasına münasibət bildirərkən belə deyib. E.Zahidov qeyd edib ki, bu haqda münasibət bildirmək istəmir: “Açıqca görünür ki, deyilənlər şər-böhtandır”- deyə, o, bildirib.
Qeyd edək ki, Mehman Hüseynovun qardaşı, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) icraçı direktoru Emin Hüseynov Amerikanın Səsinə müsahibəsində bildirib ki, Mehman ciddi işgəncəyə məruz qalıb. Qeyri-insani davranış və ləyaqəti alçaldan ünsiyyətlə üzləşib. Kobud söyüşlər, təhqir olunub, vurulub – bu kimi neqativ hallar vaş verib.
İşgəncə verilən zaman Mehman Hüseynovun özündən getdiyini deyən qardaşı blogerin 4-5 ildir ayağında varikoz damar genişlənməsindən əziyyət çəkdiyini xatırladıb. Həmin ayağından elektroşok alan Mehman Hüseynov daha sonra huşunu itirib: “Təcili tibbi yardım çağırandan sonra ona iki dənə mənşəyi bəlli olmayan iynə vurublar. Bu iynələrdən sonra onun halı bir qədər qeyri-müəyyən olub və ağır yuxuya gedib və səhər oyanıb. Ya yuxu dərmanı, ya kəskin ağrıkəsici olub, nə olduğunu indi demək bir az çətindir. İndi onu müstəqil həkim müayinəsindən keçirmək istəyirik.”
Bu işgəncə faktlarının həm onun saxlandığı yerdə, həm də daha sonra polis idarəsindən baş verdiyini söyləyən Emin Hüseynov sonradan Mehmanın Mütəşəkkil Cinayətklarlıqla Mübarizə İdarəsinə, oradan da Nəsimi rayon 22-ci Polis Bölməsinə aparıldığı deyib. Hüseynovun sözlərinə görə, bu hadisə həm Mehmanın blogerlik fəaliyyəti, həm də RATİ direktoru olaraq onunla bağlı ola bilər.
“Ancaq əsasən bununla bağlı ola bilər ki, RATİ olaraq Azərbaycandakı tərəfdaşlarla birgə 3 gün öncə Avropa Şurasına xüsusi birgə müraciət layihəsi hazırlamışıq. Onu imzalanması üçün tanınmış ictimai xadimlərə təqdim etmişik. Bu işlə də birbaşa RATİ sədri kimi Mehman Hüseynov məşğul olurdu. Dünən saat 8-ə kimi imzatoplama kampaniyası davam etməli idi və yekunda Mehman bu sənədə imza atanların vahid siyahısını hazırlayıb beynəlxalq qurumlara, o cümlədən Avropa Şurasının Parlament Assambleyasına ünvanlamalı idi. Bununla da bağlı ola bilər”.
Gülnaz Qənbərli
Gununsesi.info