Politoloq: Paşinyanın qələbəsi hökumət qurmağa imkan verir

  • By Admin2
  • 09 İyun 2026 12:22

Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının qələbəsi gözlənilən idi.

Bu sözləri Gununsesi.info-ya siyasi şərhçi Turan Rzayev deyib.

O bildirib ki, partiya 64 mandat qazanaraq təkbaşına hökumət formalaşdırmaq imkanı əldə edib. Bununla belə, əldə olunan nəticə Paşinyanın qarşıdakı siyasi hədəfləri baxımından tam rahat vəziyyət yaratmır.

Rzayev qeyd edir ki, parlamentdə təmsil olunan “Güclü Ermənistan” (29 mandat) və “Ermənistan” bloku (12 mandat) birgə fəaliyyət göstərərsə, güclü müxalif platforma formalaşa bilər. Bu isə xüsusilə Konstitusiya dəyişiklikləri, Azərbaycanla sülh sazişi, Türkiyə ilə normallaşma prosesi, eləcə də Ermənistanın Qərblə münasibətlərinin inkişafı kimi məsələlərdə hakimiyyət üçün əlavə çətinliklər yarada bilər.

Siyasi şərhçinin fikrincə, proseslərin gələcək istiqaməti əsasən Samvel Karapetyan və Robert Köçəryanın ortaq mövqe nümayiş etdirib-etdirməyəcəyindən asılı olacaq.

O hesab edir ki, müxalif qüvvələr vahid cəbhə yaratmağa çalışacaqlar.

Rzayevin qənaətinə görə, Paşinyan ilk mərhələdə rəqiblərinin davranışını müşahidə edəcək. Müxalifət sərt qarşıdurma xətti seçərsə, hakimiyyət hüquqi mexanizmlərdən istifadə edə bilər. Əks halda, Paşinyan rəqiblər arasında fikir ayrılıqlarını dərinləşdirərək onların vahid mövqedə çıxış etməsinin qarşısını almağa çalışacaq.

Elmar
Gununsesi.info