İran və ABŞ arasında hərbi qarşıdurma yenidən alovlanıb.
ABŞ-ın İran ərazisində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə zərbələr endirdiyi, İranın isə cavab olaraq İordaniyada 🇯🇴 yerləşən ABŞ hərbi obyektini hədəf aldığı bildirilir.
Ardınca ABŞ qüvvələrinin Hörmüz boğazı yaxınlığında İran hədəflərinə zərbələr endirdiyi qeyd olunur.
ABŞ Prezidenti Donald Tramp da sosial şəbəkə hesabında zərbələrin İranın cavab addımlarına görə həyata keçirildiyini bildirib. Tramp İranın hazırda mina olmayan Hörmüz boğazına dəniz minaları yerləşdirməyə çalışdığını və İordaniyadakı ABŞ bazasına səkkiz raket atdığını iddia edib.
Baş verənlər Yaxın Şərqdə onsuz da mürəkkəb olan təhlükəsizlik vəziyyətini daha da gərginləşdirir.
Məsələ ilə bağlı politoloq Turan Rzayev Gununsesi.info-ya bildirib ki, tərəflər arasında gərginliyin yenidən artması gözlənilən idi, lakin İranın cavab addımları Tehran üçün ciddi strateji risklər yarada bilər.
Politoloqun sözlərinə görə, İranın bu dəfə İordaniyadakı ABŞ hərbi obyektini hədəf alması xüsusilə diqqətçəkəndir.
“İranın ABŞ-la birbaşa qarşıdurma imkanları məhduddur. Daha doğrusu, Tehran ABŞ-ın birbaşa özünü vura bilmədiyi üçün zərbələrə cavab olaraq regiondakı Amerika hərbi bazalarını hədəf alır. Lakin burada ciddi bir paradoks ortaya çıxır”, – deyə Turan Rzayev qeyd edib.
Politoloq hesab edir ki, Tehran ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğunu zəiflətmək və Vaşinqtonun müttəfiqlərinə təzyiq göstərmək istəyərkən, əks nəticə ilə üzləşə bilər.
Onun fikrincə, İranın regiondakı ABŞ obyektlərinə və müttəfiq dövlətlərə qarşı zərbələri ərəb ölkələrinin Vaşinqton ətrafında daha sıx birləşməsinə səbəb ola bilər.
“İranın regional təzyiq siyasəti əksinə, Vaşinqtonun uzun müddətdir arzuladığı təhlükəsizlik arxitekturasının formalaşmasına müəyyən mənada zəmin yarada bilər”, – politoloq vurğulayıb.
Turan Rzayev hesab edir ki, yaxın günlərdə İranın Körfəz ölkələrinə qarşı da yeni zərbələr endirməsi ehtimalı istisna edilə bilməz. Belə bir ssenarinin reallaşması isə region dövlətlərinin kollektiv təhlükəsizlik mexanizmlərinə marağını daha da artıra bilər.
Politoloqun sözlərinə görə, bu baxımdan İordaniya başda olmaqla, İranın zərbələrinə məruz qala biləcək və ya öz ərazisində ABŞ hərbi obyektlərini yerləşdirən bir sıra ərəb dövlətlərinin gələcəkdə “Məkkə Sazişi”nə qoşulması mümkündür.
Qeyd edək ki, Pakistan 🇵🇰, Səudiyyə Ərəbistanı 🇸🇦 və Türkiyə 🇹🇷 bir müddət əvvəl mümkün təcavüz aktlarına qarşı kollektiv çəkindirmənin gücləndirilməsini nəzərdə tutan “Birgə müdafiə haqqında Məkkə Sazişi”ni imzalayıblar.
Turan Rzayevin qiymətləndirməsinə görə, bu təşəbbüs mahiyyət etibarilə Yaxın Şərqdə NATO tipli regional təhlükəsizlik mexanizminin formalaşmasına doğru gedən proses kimi qiymətləndirilə bilər.
O hesab edir ki, Vaşinqtonun əsas strateji maraqlarından biri regionda təhlükəsizlik yükünün yalnız ABŞ-ın üzərində qalmaması və müttəfiqlərinin vahid təhlükəsizlik sistemi çərçivəsində daha sıx koordinasiya olunmasıdır.
“Bunun üçün isə ortaq təhlükə anlayışının formalaşması vacibdir. İranın regional dövlətlərə və onların ərazisində yerləşən ABŞ obyektlərinə zərbələri belə bir ortaq təhlükə anlayışının yaranmasını sürətləndirə bilər”, – deyə Turan Rzayev bildirib.
Politoloqun fikrincə, İranın ABŞ-la qarşıdurmada istifadə etdiyi təzyiq mexanizmləri qısamüddətli perspektivdə Vaşinqton üçün çətinlik yaratsa da, uzunmüddətli perspektivdə ABŞ-ın regiondakı müttəfiqləri arasında daha sıx hərbi-siyasi əməkdaşlığın yaranmasına gətirib çıxara bilər.
Orxan











