
“Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşməsi və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin Rusiya Dövlət Dumasında Rusiya-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüş keçirməsi üçün Moskvaya səfərinin məqsədi bəllidir. Rəsmi xəbərlərdə Polad Bülbüloğlunun Karasinlər görüşü “iki ölkə arasında əməkdaşlığın aktual məsələlərinə dair müzakirələr aparıldı”, Əli Hüseynlinin səfəri isə “qanunyaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi ilə bağlı məsələlər müzakirə olunacaq” kimi xarakterizə olunub. Ancaq məncə görüşlərin səbəbi Rusiyanın Azərbaycan siyasətinə aydınlıq gətirməkdir”.
Gununsesi.info-nun xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, deyib ki, son günlərdə Moskvada və Sankt-Peterbuqrda ermənlərlə azərbaycanlılar arasında toqquşmalar qeydə alınıb.
Onun sözlərinə görə, aydındır ki, Kreml Azərbaycanla Ermənistan arasındakı münaqişənin Rusiya ərazisinə daşınmasını istəmir:
“Ancaq bunun üçün gərək Kreml ermənilərin Rusiya ərazisindəki təxribatçı əməllərinə son versin, əks halda erməni separatçılarının Rusiyada dalğalandırdığı “bayrağa” azərbaycanlıların seyrçi qalması mümkün deyil…”
Gununsesi.info