Politoloq: “Kreml Qarabağdan istifadə edib bölgədə öz hegemonluğunu qoruyub saxlayır” - ŞƏRH (ÖZƏL)

  • By admin
  • 21 İyun 2016 12:28

Elkhan Shahinoglu

 

 

“Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin ortaq bəyanatı göstərir ki, nə Ermənistan prezidenti Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmağa hazırlaşır, nə də Rusiya prezidenti bu məqsədlə erməni həmkarına təzyiq etməyi düşünür.” Gununsesi.info xəbər verir ki, bu fikri politoloq Elxan Şahinoğlu prezidentlərin Sankt-Peterburq görüşlərinin yekunları ilə bağlı mövqeyini açıqlayarkən deyib. Onun sözlərinə görə, bir neçə cümlədən ibarət birgə bəyanat məna yükü az olan ifadələrdən ibarətdir. “Prezidentlər Qarabağ münaqişəsinin nizamlanmasında inkişafına şərait yaratmağa icazə verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər” – cümləsinin sonuncu hissəsi diqqəti çəkir. O hansı “məsələlərdir” ki, onların ətrafında qarşılıqlı anlaşma əldə edilib? Yəqin prezidentlər cəbhə bölgəsində eskalasiyaya yol verməyəcəklərini bəyan ediblər. Bunun da adını qoyublar “bır sıra məsələlər”.

Prezidentlərin Paris görüşünü xatırlayın, onda da “bir sıra məsələlər” razılaşdırılmışdı. Ermənistan Paris görüşündən dərhal sonra işğal altındakı torpaqlarda hərbi təlimlər keçirdi və Paris “razılaşmalarının” üstündən xətt çəkdi. Bu dəfə hərbi təlimlər növbəsi bizdədir…”, -deyə politoloq Elxan Şahinoğlu vurğulayıb.

 

Zardusht Alizadeh Politoloq Zərdüşt Əlizadənin fikrincə, bu görüş bir daha sübut etdi ki, Rusiya bölgənin ağasıdır. “ Ermənistan və Azərbaycan bir araya gəlib münaqişəni həll etmək istəsə belə Rusiya buna imkan verməyəcək. Bu gün Kreml Qarabağ münaqişəsindən bölgədə öz hegemonluğunu qoruyub saxlamaq üçün istifadə edir. Kreml ona görə də bu hegomonluğun qoruyub saxlamaq üçün münaqişənin həllində maraqlı deyil”, – politoloq vurğulayıb. Z.Əlizadə onu da əlavə edib ki, Rusiya əksinə münaqişə tərəfləri arasında düşmənçiliyi təşviq edir və Azərbaycanla Ermənistan arasında düşmənçiliyin daha da dərinləşdirilməsinə çalışır. “Ona görə də Moskva Ermənistan vasitəsi ilə iki ölkənin vətəndaş cəmiyyətlərinin nümayəndələrinin görüşünə mane olur. Bilir ki, vətəndaş cəmiyyətinin nümayəndələri münasibətlərin sülh yolu ilə həllində ümumi mövqeləri yaxınlaşdıra bilərlər. Yəni Kreml istəyi ondan ibarətdir ki, Qarabağ Kremlin cəbbəxanasında qalsın”, – deyə Z. Əlizadə qeyd edib.

 

Mürtəza Bünyadlı