Politoloqdan ABŞ səfirinə: "Əsədə qarşı yürüdülən siyasətdə Azərbaycan niyə Amerikanın yanında olmalıdır?"

  • By admin
  • 13 Aprel 2017 13:34

elxan sahinoglu

“ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın “Azərbaycan Suriyada bizə kömək etsin” açıqlamasını anlamıram. Suriyada Bəşər Əsədə qarşı yürüdülən siyasətdə Azərbaycan niyə Amerikanın yanında olmalıdır?

Bu, bizim təhlükəsizlik maraqlarımıza uyğun deyil. Mən Rusiyanın xarici siyasətini zərərli hesab edirəm, ancaq Suriyaya görə Kremllə niyə düşmən olmalıyıq?”

Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki,  axı, bizim Suriyada özəl maraqlarımız yoxdur:

“Bəli, şəxsən mən də Bəşər Əsədin legitimliyini çoxdan itirdiyini və bu şəxsin hakimiyyətdən getməsi zərurətini dəstəkləyirəm. Ancaq mən müstəqil siyasi ekspertəm, rəsmi Bakı isə bu mövqedən çıxış edə bilməz.

Azərbaycanın Yaxın Şərqdə, eləcə də Suriyada özəl maraqları yoxdur. Yeganə istəyimiz Suriyada müharibənin bitməsi və bu ölkənin ərazi bütövlüyünü təmin etməsidir. Vəssəlam.

Bundan artığını rəsmi Bakı açıqlaya bilməz. Yaxşı olardı ki, Amerikanın Ermənistandakı səfiri deyərdi ki, “Suriyada Bəşər Əsədə qarşı mübarizədə Ermənistanın Amerikanın yanında olmasını istəyirik”.

Azərbaycanın işğal altındakı torpaqlarını boşaltmaq məsələsində İrəvana güldən ağır söz demirlər, Suriyaya gəldikdə isə Azərbaycanı yükləmək və problemin mərkəzinə sürükləmək istəyirlər”.

KAMİL

Gununsesi.info