Polşa Belarusla sərhəddə hasarı gücləndirməyi planlaşdırır

  • By admin
  • 22 Dekabr 2023 16:35

Polşa hakimiyyəti Belarusla sərhəddə qanunsuz miqrasiyadan qorunmaq üçün orada 2022-ci ildə tikilmiş hasarı gücləndirmək niyyətindədir.

Gununsesi.info xəbər verir ki, bunu Polşanın daxili işlər naziri Marçin Kiervinski “Radio Zet”in efirində deyib.

“Belarusla sərhəddəki hasar öz təyinatını yerinə yetirmir. O, sərhədimizin tam təhlükəsizliyini təmin etməyib. Onu daha effektiv etmək üçün hasar təkmilləşdiriləcək”, – o bildirib.

Nazir Belarusla sərhəd bölməsinə cavabdeh olan sərhəd xidməti bölməsinin gücləndirilməsi planlarını da açıqlayıb. Onun sözlərinə görə, divarın qiyməti baha olduğundan onun tikintisinə çəkilən xərclərin auditi aparılacaq.

Polşa hakimiyyəti keçən il qanunsuz miqrantlardan qorunmaq üçün Belarusla sərhəddə hündürlüyü 5,5 metr və uzunluğu 186 kilometr olan polad qəfəs bloklarından divar tikib. Tikintinin dəyəri 278 milyon dollar olub.Bu il oktyabrın 15-də Polşa sakinləri referendumda divarın sökülməsinin əleyhinə səs veriblər.

Gununsesi.info