Polşa Belarusun mümkün təxribatlarından sığortalanır

Polşa Belarusla sərhəddəki Podlasie hərbi əməliyyat qrupunu döyüş helikopterləri, F-16 qırıcıları və Leopard tankları ilə gücləndirəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə briqada generalı Arkadiuş Mikolayçik bildirib.

“Bizim ixtiyarımızda hava qüvvələri, quru qoşunları, dəstək və təhlükəsizlik bölmələri var. Döyüş helikopterlərimiz, F-16 qırıcı təyyarələrimiz, Leopard tanklarımız və daha çox şey var”.

Onun sözlərinə görə, Podlasie qrupu kəşfiyyatla məşğul olacaq və mühüm məlumatların əldə edilməsi üçün yerli əhali ilə əlaqə yaratmağa başlayacaq. Həmçinin, hərbçilər hərbi əməliyyat üçün seçilə biləcək müxtəlif sahələrdə təlim keçəcəklər.

Podlasie hərbi əməliyyat qrupuna 6-cı Hava Desant Briqadasının, 25-ci Hava Süvari Briqadasının, 17-ci Mexanikləşdirilmiş Wielkopolska Briqadasının və 12-ci Mexanikləşdirilmiş Briqadanın əsgərləri daxildir.

Bildirilir ki, Polşa və Belarus sərhədində gərginlik iyul ayında Rusiyada silahlı üsyan törədən Vaqner PMC-nin muzdlularının sonuncu yerləşdirilməsindən sonra yaranıb.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info