Polşa sərhəddəki vəziyyətə görə Lukaşenkonu ittiham etdi

  • By admin
  • 09 Noyabr 2021 21:16

“Polşa-Belarus sərhədindəki miqrasiya böhranının arxasında Belarus prezidenti Aleksandr Lukaşenko dayanır”.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib.

“Biz hamımız başa düşürük ki, on minlərlə insanı xüsusi olaraq Belarusa gətirən Aleksandr Lukaşenkodur, bu qrupları, miqrantları xüsusi və bəzən zorla köçürən Aleksandr Lukaşenkodur, bizdə belə məlumatlar var. Bu insanların öz ölkələrinə, aid olduqları yerə qayıtmasını təmin etmək üçün məsuliyyət daşıyan da Aleksandr Lukaşenkodur”, – deyə Moravetski bildirib.

Bazar ertəsi Belarus Dövlət Sərhəd Komitəsi Şərq və Afrika ölkələrindən olan böyük bir miqrant qrupunun Belarusun Polşa ilə sərhədinə getdiyini bildirib. Qeyd edilib ki, respublikanın Polşa ilə sərhədində qaçqınlarla bağlı vəziyyət son dərəcə gərgin olaraq qalır: 2 mindən çox qaçqın, o cümlədən xeyli sayda qadın və uşaq sərhəddə Polşa maneələrinin qarşısında dayanıb, Polşa təhlükəsizlik qüvvələri onları buraxmır, miqrantlar maneələri aşmağa cəhd ediblər.

Bu yaxınlarda Litva, Latviya və Polşa Minski miqrasiya böhranı yaratmaqda ittiham edərək Belarusla sərhəddə saxlanılan qanunsuz miqrantların sayının artdığını bildiriblər. Minsk bütün ittihamları rədd edib. Yaranmış vəziyyətlə əlaqədar olaraq, Polşa prezidenti Belarusla həmsərhəd ərazilərdə fövqəladə vəziyyət elan edib, sərhədin mühafizəsinə ordu və polis cəlb edilib.

Gununsesi.info