Polşada Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən 9 əcnəbi saxlanılıb

Polşanın daxili işlər naziri Mariuş Kaminski Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən 9 əcnəbini saxlayıb. Nazir iddia edir ki, saxlanılan şəxslər “Rusiya kəşfiyyatının sifarişi ilə təxribat aktları hazırlayıblar”.
Bu barədə Gununsesi.info Poland News-yə istinadən xəbər verir. Mariuş Kaminski vurğulayıb ki, Polşa xüsusi xidmət orqanlarının məlumatına görə, casus qrupunun vəzifəsi Ukrayna üçün silah daşınmasını müəyyən etmək, izləmək və sənədləşdirmək olub. Şübhəlilər həmçinin “Ukraynaya texnika, silah və yardım tədarükünü iflic etmək üçün təxribata hazırlaşırdılar”, nazir əlavə edib.
Bir gün əvvəl RMF24 ölkədə “Rusiya casus şəbəkəsi”nin üstü açıldığını bildirmişdi. Polşa radiostansiyasının məlumatına görə, qruplaşma “Polşada təxribat fəaliyyətinə hazırlıqla məşğul olmalı idi”, bununla əlaqədar dəmir yollarında və mühüm infrastruktur obyektlərində yüksək hazırlıq rejimi tətbiq edilib. Bundan əvvəl Polşa hökuməti Rusiyanın Ukraynada hərbi əməliyyatı başlayandan bəri Polşada Rusiya və Belarusun xeyrinə casusluqda şübhəli bilinən 7 nəfərin saxlanıldığını bildirib.
Gununsesi.info