Pomidor niyə ucuz alınır və baha satılır? - REPORTAJ

  • By admin
  • 08 Avqust 2017 09:18

_97234609_ilham

Təxminən bir aydır ki, pomidor yığımına başlamış Xaçmaz fermerləri pomidorun qiymətinin azlığından, daha dəqiq, Bakıda pomidor baha satılsa da, onlardan pomidorun ucuz qiymətə alınmasından şikayətlənirlər.

Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, fermerlər onlardan pomidoru elə sahədəcə alan alverçilərdən narazılıq etsə də, alverçilər də onları “cəmi 1-2 manat qazancla” qoyan digər xərclərdən şikayət edirlər.

Alverçilər iddia edirlər ki, onlar məhsulu paytaxta aparanadək qiyməti artırılmış benzinə, nəqliyyat təhlükəsizlik postlarına pul verməli olurlar.

_97234611_sah'

Bütün ailə ilə yığıma… amma sərf eləmir

Qızmar Günəş altında günəbaxanlarla ayrılan sahələrin birində üst-başı pomidor əzintisinə bulaşmış 6 aylıq qız nəvəsinin yanında oturtmuş Nargözəl Hürüşənova yığılmış pomidorları saf-çürük edir.

“Pomidor əkmək əziyyətlidir, hər şeyi puldur, ancaq qiyməti yoxdur, su yoxdur. Torpaq pulu, tum pulu, gübrə pulu, amma qiymətə gələndə 10 manata deyəndə deyirlər bahadır. İndi gəlib lap aşağı istəyir, biz də vermirik”.

_97236655_4dd51bda-e5ec-468d-bc07-b7ff1ad76ff8

10 ildən çoxdur ki, pomidor əkən fermer deyir ki, çörəkpulu qazanmaq üçün bütün ailəsini yığıma gətirməli olur.

Onun sahə qonşusu Xurşud Şəkirov isə 1 hektar sahəsinə 5-6 ildir ki, pomidor əkir. O bundan əvvəl soğan əkib, amma satış olmadığından pomidor əkininə keçib.

“6-7 ay ailə ilə işləyirsən, 8 manata 35 kilosu nədir ki?” deyə sual edən Yolda nə qədər “naloq”, ona görə də Bakıya baha gedir… Bu adam məndən 8-ə alır, Bakıya gedib 12-ə çatır.”

Fermer bu problemin həllini belə görür: “Dovlətimizdən asılıdır, dövlətimiz nəzarət eləsə, bir az yolda şoferləri sıxışdırmasa, bəlkə bizə də yaxşı olar.”

Xurşud Şəkirov kimi, Yeni Həyat qəsəbəsi sakini Zakir Kərimov da öncədən soğan əkib. O da eyni səbəbdən pomidor əksə də, bu il pomidorun qiymətinin “olmadığını” deyir.

“Bu il qiymət – yeşiyinə 8-9 manatdır. Şumu var, traktor, gübrəsi, su pulu var. Gübrə 14-17 manatdır. Baxanda heç sərf etmir. Məcburiyyətdən 5 manata da olsa satacağıq. Amma ki, bizə sərf eləmir”, deyə 10 ilin fermeri günün altında çəkdiyi əziyyətə qiymət verilməsini istəyir.

Suvarma problemi

Hüleyli kənd sakini Teyfur Mirzəyev də digərləri kimi həm qiymət azlığından, həm də suvarma üçün suyun olmamasından şikayətlənir.

Xərcinin borcunu ödəmədiyini deyən fermer iş-gücünün olmaması səbəbilə 1.45 hektarlıq sahəsinin cəmi 15 sotunu əkir.

“Heç olmasa 15 manata getsin də. Hər şeyin qiyməti qalxıb. Yanacaq qalxıb, benzin qalxıb, amma bizim məhsulumuz qalxmır da. Gələn il bəlkə əkmədim mən, heç sərf eləmir.”

Fermerin sözlərinə görə, suyun ara-sıra kəsilməsi də məhsuldarlığın azalmasına səbəb olur.

Xaçmaz rayon icra başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırlması şöbəsinin müdiri Bəxtiyar Osmanov su problemini Samur-Abşeron kanalındakı su qıtlığı ilə əlaqələndirib.

Osmanov BBC Azərbaycancaya problemin 1-2 gün ərzində “həll ediləcəyini” bildirib.

Alverçilər deyirlər ki…

20 ildir Bakıya meyvə-tərəvəz aparan Abduləziz Gözəlov bir yeşiyini və ya 35 kilosunu 7-8 və ya 10 manata aldığı pomidoru 15 manata sata bilir.

“Burdan gəlirsən, yol xərci, bazar pulu… 1-2 manat qalır. Bəzən ziyan olur, pomidor xarab olur”, deyən alverçi pomidorun fermerlərdən normal qiymətə alındığını deyir.

_97234609_ilham

Onunla eyni işi görən İlham Məmmədov isə bahaçılığa görə fermerdən məhsulu baha qiymətə ala bilmədiyini deyir:

“Benzin bahadır, yeşik bahadır, bazar pulu var, yolda postda incidirlər, departament incidir. Yeşiyə 2 manat veririk, benzin 90 qəpik olub”, deyən alverçi əlavə edir ki, 10 manata aldığı malın üstünə 4 manat pul gəlir və onlar da üzərinə 1 manat qoyub bazarda satır.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Gununsesi.info