“Porsche”li Ağaəli burada cəzasını çəkəcək – Rəsmi açıqlama

  • By admin
  • 06 May 2017 15:15

1493912489-3204

 

Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu bir neçə gündür ki, ölkənin əsas müzakirəsinə çevrilən məlum qəza ilə bağlı məlumat yayıb.

“Qafqazinfo”ya daxil olan məlumatda qeyd olunur ki, 3 may 2017-ci il tarixdə naməlum avtomobilin sürücüsü Sabunçu rayonu ərazisində hərəkətdə olarkən piyada Məmmədova Xəyalə Ənvər qızını vuraraq hadisə yerindən qaçıb.

X.Məmmədova aldığı bədən xəsarətlərindən 3 saylı şəhər kliniki xəstəxanasında vəfat edib.

Fakta görə Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobili idarə edən azyaşlı Adil Məmmədov (ad və soyad şərtidir) tərəfindən törədilməsi müəyyən edilib.

Cinayət işi həmin Məcəllənin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib.

Cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış A.Məmmədovun qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə müvafiq tədbirlərin görülməsi təmin ediləcək.

Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs – Nadir Məmmədov (ad və soyad şərtidir) tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə – azyaşlı oğlu A.Məmmədova verdiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tətbiq edilib.

Qeyd edək ki, rəsmi məlumatda ad şərti verilsə də, bir neçə gündür ki, mediada sözügedən şəxsin 2001-ci il təvəllüdlü Ağaəli Fərəcli olduğu qeyd edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Gununsesi.info