Portuqaliya – Azərbaycan matçının hakimləri açıqlandı

Futbol üzrə Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə səfər oyununa təyinatlar açıqlanıb.

UEFA-nın rəsmi saytı xəbər verir ki, qarşılaşma Almaniyadan olan hakimlər briqadasına tapşırılıb.

Matçın referisi Daniel Zibert olacaq. Ona yan xətt hakimləri Yan Zaydel və Rafael Foltin köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Saşa Stegemann yerinə yetirəcək.

“Qafqazinfo”nun məlumatına görə, Daniel Zibert 2019/2020 mövsümündə “Qarabağ”ın evdə Kipr APOEL-inə 0:2 hesabı ilə uduzduğu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşünü idarə edib. 37 yaşlı referi həmin qarşılaşmada Ağdam təmsilçisinin qapısına penalti təyin etməklə yanaşı, 90+3-cü dəqiqədə Riçard Almeydaya qırmızı vərəqə göstərib. Yekunda Azərbaycan çempionu iki oyunun nəticəsinə (2:3) əsasən, turnirdə mübarizəni dayandırıb.

Qeyd edək ki, martın 24-də İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Gununsesi.info