Aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü siyasi baxımdan ölkəmizin milli maraqlarını və mənafeyini əks etdirməklə müsbət nəticələrin əldə edilməsində irəliyə doğru növbəti addım kimi qiymətləndirilməlidir. Bu dəfəki danışıqlarda da rəsmi Bakı bundan əvvəl keçirilmiş 3 görüşdə olduğu kimi iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası, sülh sazişinin imzalanması, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi kimi məsələlərin həllinin, eləcə də, 10 noyabr bəyanatının müddəalarının həyata keçməsinin vacibliyini önə çəkib.
Brüssel sülh gündəliyi yarandı
44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbə ilə regionun siyasi mənzərəsi dəyişdi. İndi Ermənistanın postmünaqişə dövrünün reallıqları ilə yaşamaqdan başqa çarəsi yoxdur. Elə İrəvanda rəsmi səviyyədə səslənən “Sülh sazişinin imzalanması Ermənistan hökumətinin prioritetidir” fikri də onu deməyə əsas verir ki, Azərbaycanın sülh təklifi masa üzərində uzun müddət qala bilməz. Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin yaradılması, kommunikasiyaların açılması ilə bağlı qətiyyətli mövqeyi Ermənistanı öz öhdəliklərini yerinə yetirməyə vadar edir. Böyük münaqişəni bitirdiyini bəyan edən Azərbaycan regiona böyük sülhün gəlişi üçün Brüsselə məhz bu şərtləri elan edərək yola düşmüşdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:
“Zəngəzur dəhlizi açılmalıdır. Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılmışdır. İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də artıq hazırlanır.”
Bəli, yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni, Cənubi Qafqazda uzun fasilədən sonra sülhün bərqərar edilməsi bizim maraqlarımıza cavab verir. Bu eyni zamanda Ermənistanın da maraqlarına cavab verir. Çünki, Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Haqq savaşımız Azərbaycanın həm diplomatiyada, həm də hərb cəbhəsində tam qələbəsi ilə başa çatdı. Başqa sözlə desək, “sülhə məcburetmə əməliyyatı” öz nəticəsini verir.
Brüssel görüşündə Prezident İlham Əliyev qaldıracağı əsas məsələlərin, qısa siyahısını təqdim edib: regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlara başlanması, nəqliyyat bağlantıları və kommunikasiyaların qurulması üçün Azərbaycanın irəli sürdüyü təkliflər və Bakının mövqeyi. Prezidentimiz eyni zamanda meydana çıxan yeni reallıqların, faktların ümumi məqsədə çatılması istiqamətinə cəlb olunmasına da ustalıqla nail olur. Rəsmi İrəvanın isə regionda yaranan yeni reallıqları qəbul etməkdən başqa çıxış yolu qalmır. Bu mənada ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyanın açıqlaması diqqət çəkir. O bildirib ki, Azərbaycanla sülh sazişinin imzalanması Ermənistan hökumətinin prioritetidir. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi həmçinin regional dəhlizlərin açılmasının hökuməti üçün prioritet olduğunu, bu istiqamətdə konkret addımların atıldığını deyib. Uzun illərdir iqtisadi blokadada olan Ermənistan işğalçılıq siyasətinə görə əsas iqtisadi tərəfdaşı olan Rusiya ilə birbaşa ticarət əlaqələri qura bilmir. Bunun üçün daha çox Gürcüstan ərazisindən keçən yollardan istifadə edirdi. Rusiya ilə Gürcüstan arasında yaranmış məsələlər isə bu yollardan da tam, davamlı şəkildə istifadə etmək imkanı vermir. İndiki vəziyyətdə Azərbaycan Qafqaz və yaxın Şərq bölgəsinin nüfuzlu nəqliyyat qovşağına çevrilir. Bu da region ölkələrinin iqtisadiyyatına və nəqliyyat bağlantılarına öz təsirini göstərəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:
“Ermənistan da görməlidir ki, o, bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq. Onlar bunu bilməlidirlər, vaxtı uzatmamalıdırlar. Onsuz da biz istədiyimizə gec-tez nail olacağıq. Daha yaxşı olar ki, onlar özləri də bir az cəld tərpənsinlər. Yoxsa yenə də dalan kimi qalacaqlar”.
Region və qlobal miqyaslı dəhliz
Zəngəzur dəhlizinin region üçün böyük əhəmiyyəti var. Ermənistanın işğalçı siyasəti nəticəsində uzun illər mövcud olmuş bu yolun bağlanması Azərbaycanın Türkiyə və Naxçıvan Muxtar Respublikası ilə birbaşa əlaqələrinin kəilməsinə səbəb olub. Azərbaycan iqtisadi, ticarət və kommunikasiya əlaqələrini qurmaq üçün 30 ilə yaxındır qonşu ölkələrin ərazisindən istifadə etmək məcburiyyətindədir. Yeni reallıqda isə Zəngəzur dəhlizi iqtisadi əlaqələrin qurulmasına, əməkdaşlığa geniş perspektivlər açır. Bu isə o deməkdir ki, dəhliz daha geniş region və qlobal miqyaslı proseslər üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycan 2022-ci ildə Cənubi Qafqaz üçün xüsusi önəm daşıyan geoiqtisadi layihələrin həyata keçirilməsində Rusiya ilə sıx əməkdaşlıq edir. Bakı və Ankaranın irəli sürdüyü 3+3 formatına ən güclü dəstəyin məhz Moskvadan gəlməsi Ermənistanın israrla əleyhinə çıxdığı Zəngəzur dəhlizinin açılmasının Kreml üçün prioritetlərdən biri olduğunu təsdiqləyir. Yeri gəlmişkən, həftə içi Rusiya və Türkiyə xarici işlər nazirlərinin 3+3 formatında növbəti görüşün Ankarada təşkili ətrafında apardıqları danışıqlar da göstərir ki, hər iki ölkə bu platformaya regional konfiqurasiyanın dəyişilməsinin həlledici elementlərindən biri kimi baxır.
Röya Bənənyarlı
Gununsesi.info