Premyer Liqa: “Sabah” “Səbail”i, “Keşlə” “Zirə”ni qəbul edəcək

  • By admin
  • 29 Sentyabr 2019 16:30

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son 2 oyunu keçiriləcək.

Gununsesi.org-un məlumatına görə, qarşılaşmalar paytaxt stadionlarında təşkil olunacaq.

“Sabah” komandası “Bank Respublika Arena”da “Səbail“i qəbul edəcək. Hazırda 2 xala malik meydan sahibləri matça ilk dəfə müvəqqəti baş məşqçi İqor Ponomaryovun rəhbərliyi altında çıxacaqlar. Ötən gün “Qəbələ”nin “Neftçi”yə məğlubiyyətindən sonra “Sabah” sonuncu pillədən qurtulmaq üçün əlverişli fürsət yaxalayıb. Bundan ötrü mütləq qalib gəlmək lazımdır. Elə 10 xalla 2-ci pillədə olan “Səbail” də lider “Qarabağ”la xal fərqini 5-ə endirmək üçün mütləq qələbə qazanmalıdır.

İndiyədək bu iki klub 4 dəfə üz-üzə gəlib. Oyunların 1-də “Sabah”, 2-də “Səbail” qələbə qazanıb. Topların nisbətində də Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv irəlidədir – 6:3. “Səbail” son üç matçda meydanı qolsuz tərk etməyib. “Sabah”ın ev oyunlarında 4 qol vurulub.

Turun son matçı isə “ASCO Arena”da “Keşlə” və “Zirə” arasında olacaq. Hazırda bu komandalar hərəyə 7 xalla 4-5-ci yerləri bölüşürlər. Qarşılaşmanın istənilən nəticəsi 8 xalla 3-cü yerdə olan “Neftçi”nin ən azı bir pillə geriləməsinə səbəb olacaq. Çünki hər iki klub şəxsi oyunlarda flaqmanı üstələyir.

“Keşlə” və “Zirə” indiyədək 16 dəfə üz-üzə gəlib. Onlar hərəyə 4 qələbə qazansalar da, topların nisbətində “qartallar” öndədir – 17:15. “Zirə” son iki oyunda ardıcıl qələbələr qazanıb. “Keşlə” isə son üç ev görüşünü qolsuz tərk etməyib.

Qeyd edək ki, turun ilk 2 oyununda “Qarabağ” evdə “Sumqayıt”ı 2:0, “Neftçi” isə səfərdə “Qəbələ”ni 3:0 hesabı ilə yenib.

Azərbaycan Premyer Liqası, VI tur

29 sentyabr (bazar)

17:30. “Sabah” – “Səbail”

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Nicat İsmayıllı

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elbrus Abbasov

“Bank Respublika Arena”

19:45. “Keşlə” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Fərid Hacıyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

“ASCO Arena”

 

 

 

Gununsesi.org