Prezidentə təbrik məktubları gəlir

  • By admin
  • 22 Dekabr 2022 14:04

Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Gununsesi.info xəbər verir ki, məktubun mətnində deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməyi özümə şərəf sayıram.

Son illər ərzində Çin-Azərbaycan münasibətləri sabit inkişaf edir, müxtəlif sahələrdə əməkdaşlıq uğurla və səmərəli şəkildə irəliləyir. Bu ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirdiyimiz uğurlu görüşdə ikitərəfli münasibətlərin inkişafına, beynəlxalq arenada qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın dərinləşməsinə dair mühüm razılaşmalar əldə edildi.

Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə dostluq və əməkdaşlıq münasibətlərinin davamlı, uzunmüddətli inkişafına kömək üçün Sizinlə birlikdə çalışmağa hazıram.

Sizə möhkəm cansağlığı və firavanlıq diləyirəm”.

***

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubun mətnində deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Güclü və firavanlaşan dövlət qurulması, əhalinin rifahının və ölkənin beynəlxalq arenada nüfuzunun artmasının təmin edilməsi işində Azərbaycanın sanballı uğurları Sizin Vətənin mənafelərinə sədaqətlə xidmət etməyinizin, uzaqgörən siyasətinizin və dövlət başçısı vəzifəsində şəksiz liderliyinizin əyani nəticəsidir.

Qazaxıstanda Sizi etibarlı dost və Qazaxıstan-Azərbaycan münasibətlərinin daha da dərinləşməsində səmimi marağı olan görkəmli siyasi xadim kimi tanıyırlar.

Əminəm ki, birgə səylərimiz sayəsində biz strateji tərəfdaşlığımızı və müttəfiqliyimizi daha da möhkəmləndirərək ikitərəfli əməkdaşlığı yeni zirvələrə yüksəltməyə nail olacağıq.

Hörmətli İlham Heydər oğlu, Sizə qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə bundan sonra da uğurlar və yeni-yeni nailiyyətlər arzu edirəm”.

Gununsesi.info